10 C
Baku
12 Dekabr 2024, 20:03
Baş xəbərSosial

Sağlamlığa təsir edən üç əsas faktor – Rəy sorğusu

 

Sağlam həyat şəraiti sağlam mühitlə, bunların hər ikisi isə insan amili ilə sıx bağlıdır. İnsan davranışları ətraf mühitin keyfiyyət meyarlarının, eləcə də gələcək həyat şəraitinin təminatçısı rolunda çıxır edir. Dünyada insan sağlamlığına, ümumilikdə ictimai səhiyyəyə sosial, tibbi, bioloji və digər faktorların təsirlərini təsdiqləyən müxtəlif tədqiqatlar mövcuddur.

Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi rəy sorğusunda vətəndaşların insan sağlamlığına təsir edən amillər barədə fikirləri öyrənilib. Bu məqsədlə respondentlərə “Sizcə, insanların sağlamlıq vəziyyətinə təsir edən əsas faktorlar hansılardır? sualı ünvanlanıb və onlara təqdim edilən cavablar üzrə ən çox üç seçim etmək imkanı verilib.

Qeyd edək ki, sorğu 2023-cü il ərzində keçirilib, 18 yaşından yuxarı 384 respondent iştirak edib, könüllü iştirak və anonimlik prinsipləri təmin edilib. Sorğu telefonla müsahibə formasında keçirilib və 12 iqtisadi rayonu əhatə edib. Bu məqsədlə müvafiq məlumat bazasından sözügedən iqtisadi və inzibati rayonlara (şəhərlərə) aid stasionar telefon nömrələri təsadüfi qaydada seçilərək zənglər edilib. Sorğunun seçmə çərçivəsi ölkə üzrə əhali sayının paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.

Qidaların keyfiyyəti 

İnsan sağlamlığı üçün düzgün qidalanmanın gündəlik təməl prinsipləri ilə yanaşı, qidaların keyfiyyəti mühüm əhəmiyyətə malikdir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, dünyada il ərzində təqribən hər 10 nəfərdən biri bakteriya, viruslar, toksinlər və kimyəvi maddələrlə çirklənmiş keyfiyyətsiz qidalardan xəstələnir ki, bu da təxminən 600 milyon insanın sağlamlığının təhlükədə olması deməkdir. Təyinatına uyğun hazırlanmayan keyfiyyətsiz qidalar hər gün 420 min insanın ölümünə və 33 milyon insanın sağlamlığını itirməsinə səbəb olur.

Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğuda iştirak edənlərin əsas hissəsi, 52,2%-i insanların sağlamlığına təsir edən əsas faktor kimi qidaların keyfiyyətini qeyd edib. 18-24 yaş qrupunda olanların 57,9%-i, 35-44 yaş qrupunda olanların 60,3%-i, 65 və yuxarı yaş qrupunda olanların 52,9%-i bu mövqeyi bölüşüb.

Ali təhsillilərin 57,8%-i, orta təhsillilərin 50,7%-i bu cavab variantını qeyd edib.

Analoji mövqeyi bölüşənlərin 31,3%-i kənd ərazi vahidlərində, 19,9%-i qəsəbədə, 48,8%-i şəhərdə yaşayanlardır.

Stress və gərginlik

Sorğu nəticələrinə əsasən, insanların sağlamlığına təsir edən ikinci mühüm faktor kimi stress və gərginlik (36,6%) cavabı qeyd olunub. Nəticələrin gender aspektindən təhlili göstərir ki, stressin sağlamlığa təsir etməsi fikri ilə çıxış edənlərin 36,9%-i kişilər, mühüm hissəsi (63,1%) isə qadınlardır.

18-24 yaş qrupunda olanların 47,4%-i, 35-44 yaş qrupunda olanların 43,6%-i, 55-64 yaş qrupunda olanların isə 28,4%-i stress və gərginliyi sağlamlığa təsir edən əsas faktor kimi xarakterizə edib.

Ali təhsillilərin 44,0%-i, orta təhsillilərin isə 30,9%-i bu cavab variantını qeyd edib.

İnsanların sağlamlığına stress və gərginliyin mənfi təsiri ilə bağlı qənaətini bölüşənlərin 22,0%-i kənd və qəsəbə, 56,0%-i şəhər üzrə məskunlaşan respondentlərdir.

Dünyada aparılan araşdırmalar xroniki stressin günümüzdə müxtəlif sağlamlıq problemlərinə yol açdığını, əsas ölüm səbəbləri sırasında yer alan ürək, damar və qan dövranı sistemi xəstəliklərinin, eləcə də insanlarda zərərli vərdişlərin yaranmasına ciddi təsir etdiyini göstərir.

Nəzərə çatdıraq ki, “Gallup” araşdırmalar şirkətinin 122 ölkədə 127 min insan arasında keçirdiyi sorğuda hər 10 yetişkindən biri narahatlıq və stress yaşadığını bildirib. Hər 10 nəfərdən üçü çox fiziki ağrı çəkdiyini, dörddə birindən çoxu kədər, hər beş nəfərdən biri qəzəb hiss etdiyini bildirib.

Tibbi amillər

Sorğu nəticələrinə görə, hər üç nəfərdən biri (34,5%) insanların sağlamlığına təsir edən əsas amil kimi dərman preparatlarının keyfiyyətini qeyd edir.

25-34 yaş qrupunu təmsil edənlərin 23,3%-i, 45-54 yaş qrupuna aid olanların təqribən yarısı (46,3%) dərmanların keyfiyyətini insanların sağlamlığına təsir edən faktorlar sırasında qeyd edib.

Ümumiyyətlə, əczaçılıq bazarının 10 faizindən çoxunun saxta dərman bazarının əlində olduğunu bildirən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il bir milyondan çox insan saxta dərmanlar qəbul etməsi səbəbi ilə həyatını itirir. Beynəlxalq Dərman Təhlükəsizliyi İnstitutu dünyada saxta dərman satışının son beş il ərzində 60% artdığını açıqlayıb.

Zərərli vərdişlər

Günümüzdə spirtli içki, siqaret istehlakı və digər zərərli vərdişlər geniş yayılıb. Tədqiqatlar tərkibində 30-dan çox zəhərli maddə olan siqareti gündə bir paketdən çox istifadə edənlərin, ümumiyyətlə siqaret çəkməyənlərə nisbətən xərçəng xəstəliyinə tutulma ehtimalının 10-15 dəfə çox olduğunu sübuta yetirib. Beynəlxalq elmi tədqiqatlara əsasən, 45 yaşdan sonra kişilərdə bütün xəstəliklərin təxminən üçdə biri siqaretdən asılılıqdan qaynaqlanır. 40-49 yaş arası siqaret çəkənlər arasında ölüm nisbəti siqaret çəkməyənlərə nisbətən 3 dəfə, 60-69 yaşlılar arasında isə 19 dəfə çoxdur.

Ölkə üzrə sorğuda iştirak edənlərin 25,7%-i insan sağlamlığına təsir edən əsas faktorlar arasında bu kimi pis vərdişləri qeyd edib. Bu qənaəti bölüşənlərin 25,3%-ni orta 35-44 yaş qrupuna mənsub olanlar təşkil etdiyi halda, cəmi 9,1%-i 18-24 yaş qrupunu təmsil edir.

Ətraf mühit faktorları

İştirakçıların 22,3%-i insan sağlamlığına təsir edən əsas faktorlar kimi ekoloji vəziyyəti qeyd edib. Bu mövqeyi bölüşənlərin 44,2%-i kişilər, 55,8%-i qadınlar olub.

18-24 yaş qrupunda olanların 15,8%-i, 35-44 yaş qrupunda olanların 24,4%-i, 55-65 yaş qrupu üzrə 22,2%-i ekoloji çirklənməni ictimai sağlamlığa təsir edən əsas amil kimi qiymətləndirib.

Orta təhsillilərin 16,6%-i, ali təhsillilərin 32,1%-i bu cavab variantını seçib.

Nəticələrin respondentlərin yaşayış məntəqəsinə üzrə təhlili analoji mövqenin kənd və qəsəbə ilə (kənd 20,9%, qəsəbə 25,6%) müqayisədə şəhər üzrə (53,5%) üstünlük təşkil etdiyini göstərib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı dünyada geniş yayılmış 102 xəstəlikdən 85-nin yaranmasında ətraf mühit amillərinin təsirinin olduğunu qeyd edib. Məlumatlara əsasən, dünyada, xüsusilə də inkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələrdə ətraf mühit amilləri böyüklərə nisbətən uşaqlara 5 dəfə çox təsir edir.

Bioloji amillər

İnsan sağlamlığını təsir edən digər amillər kimi iştirakçıların 14,5%-i fiziki hərəkətsizliyi, 6,5%-i yaşlanmanı qeyd edib.  Tədqiqatlar böyük şəhərlərdə yaşayan insanların ətraf mühitin mənfi təsirləri ilə erkən yaşlanmaya, immunitet sisteminin zəifləməsinə, həddindən artıq psixoloji gərginliyə, hipertoniya və uşaqlarda anormallıqların inkişafına məruz qaldığını göstərib.

Bununla yanaşı, iştirakçıların 3,9%-i sağlamlıq vəziyyətinə təsir edən digər faktorları qeyd edib, 2,3%-i fikir bildirməkdə çətinlik çəkib.

Nigar Məmmədova

Oxşar xəbərlər

İldırımın vurduğu uşaq öldü

Bugün TV

Dəhşətli qəza: 17 yaralı, 5-i ağır

Kəmalə Sultan

Türkiyədə təhsil alan Azərbaycanlı tələbələrə quru sərhəddən istifadə imkanının yaradılması təklif olunur

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu