Yeni il yaxınlaşırdı. Cibimdə siçan oynayırdı, mənsə səhnədə Şamdan bəyi oynayırdım. Tamaşadan sonra dostum məndən soruşdu ki, dekabrın 31-də restoranda şou- proqramda Şaxta baba oynayarsan?
– Yaxşı pul versələr, oynayaram.
Yeni il axşamı şaxta baba qiyafəsində qonaqları restoranın səhnəsindən salamkayıb, təbrik edib, rəqsə dəvət etdim, əyləndirdim, məzəli oyunlar keçirdib, qaliblərə hədiyyələr verdim. Bir nəfər barmağı ilə işarə edib məni yanına çağırdı. Şaxta baba, şaxtacan, haradasan bu vaxtacan? Dedim, qarlı dağlar aşaraq, çox ellər dolaşaraq, dağlarda qurdum dəyə, gəldim sizi görməyə.
– Şaxta baba, bu telefon nömrəsini apar ver orada oturan sarışın xanıma, əlli manat da sənin.
– Bəs qan pulu?
– Nə qan pulu?
– Xanımın acığı tutdu, şampan şüşəsini vurdu təpəmə.
– Sən Şaxta baba yox, Saxta babasan. Al, əlli manat da verirəm.
Yeni il şənliyi davam edirdi, müğənnilər bir- bir oxuyub pullarını alıb, gedirdilər. Ağlıma bir fikir gəldi. Mən aparıb telefon nömrəsini verdim xanıma, sabah aralarında bilmək olmaz, bir xoşagəlməz hadisə baş versə, telefon nömrəsini kim verib? Şaxta baba. Yaxşısı budur, öz telefon nömrəmi yazım, verim. Xataları məndən uzaq . Xanıma yaxınlaşdım.
– Mənim əziz nəvəmin yeni ili mübarək! Şaxta babanın səndən bir xahişi var. Bu telefon nömrəsini sənə göndəriblər, mənə də yüz manat veriblər ki, bu sənə çatdırım. Əgər telefon nömrəsini almasan, Şaxta baban yüz manatdan qalacaq.
Xanımın mənə yazığı gəlib, telefon nömrəsini alıb, atdı çantasına. Oğlan bizə uzaqdan göz qoyurdu . Məni yanına çağırıb, əlli manat da cibimə basdı. Yeni il şənliyi səhərə kimi davam etdi. Səhər evə arğın-yorğun gəlib, yatdim. Telefonun zənginə oyndım. Saata baxdım, üç idi.
– Alo, salam.
– Salam, sizin telefon nömrənizi Şaxta baba verib. Şaxta baba sözünü eşidən kimi yatağımdan dik atıldım. – Hə, hə, yeni iliniz mübarək, necəsiniz?
– Sağ olun yaxşıyam. Biz bu axşam Sahil restoranında göruşə bilərik?
– Olar, sizi saat səkkizdə gözləyəcəyəm.
Saat səkkizdə Sahil restoranında xanımla görüşüb, tanış oldum. Adı Süsən idi. Dünən aldığım yüz əlli manatı qəpiyinə kimi restoranda qoyub , Süsən xanımı evlərinə kimi ötürdüm. Süsən xanım məni evinə dəvət etdi. Tək qalırdı, ərindən boşanmışdı. Teatrdan, kinodan danışdıq. Birdən Süsən xanım soruşdu: – Kinolarda erotik səhnələrə aktyorlar özləri çəkilirlər yoxsa, onları kimsə əvəz edir?
– Baxır aktyora. Şəxsən mən dublyorsuz çəkilərdim.
– Bəs onda nəyi gözləyirsən? – Qonorarı!
– Aktyora pulu qabaqcadan verərlər?
Kinonun çəkilşi səhərə kimi çəkdi . Çəkilişdən sonra Süsən xanım soruşdu:
– Sən ki, belə cəsarətli oğlansan, niyə özün mənə yaxınlaşmayıb, telefon nömrəni Şaxta baba ilə göndərdin?
– Şaxta baba mən özüməm, deyəndə, Süsən xanım yataqdan dik atıldı.
– Şaxta baba sənsən?
Bərkdən şaqqanaq çəkib, üstümə atıldı.
Mənim gecəm- gündüzüm Süsən xanımgildə keçirdi. Teatr, məşqlər yaddan çıxmışdı. Gülərin bir günü Süsən xanım mənə dedi ki, onu bir yaşlı varlı kişi istəyir.
Dedim məni də orduya çağırlar, sən ərə get, mən orduya.
Mən əsgərliyi çəkib, teatra qayıtdım. Mövsümü “Şamdan bəy” tamaşasi ilə açdıq. Şamdan bəy rolu tamaşaçıların xoşuna gəlmişdi. Sonda tamaşaçılar məni alqışlayıb, gül dəstələri verəndə, onların arasında əlində gül Süsən xanımı gördüm. O, gül dəstəsini mənə verib, qulağıma dedi:
– Mən varlı, yaşlı kişiyə ərə getməyib, səni gözlədim.
Əhməd Orucoğlu