Misirdə əlləri kəsilən 8 yaşlı uşağın cansız cəsədinin tapılması ölkəni şoka salıb və hiddətə səbəb olub. Hadisəni araşdıran prokurorlar qətlin qanunsuz tarixi əsər qazıntısı ilə bağlı olduğunu iddia ediblər.
Onun atası Əbu Əl Vəfa dörd gündür itkin düşən uşağı Məhəmmədin cəsədini Yuxarı Misirin Asit şəhərindəki əkinçilik sahəsində tapıb.
Polis qətllə bağlı uşağın qohumları olan 3 qardaşı saxlayıb.
Prokurorluğun paylaşdığı açıqlamaya görə, şübhəlilərdən ikisi cinayəti qeyri-qanuni qazıntıda qədim Misir xəzinələrinə çatmaq istəyən bir kəşfiyyatçıya uşağın əllərini satmaq üçün törətdiklərini bildirib”.
BBC Ərəb Xidmətinə danışan Əbu Əl Vəfa, “Oğlum Məhəmmədlə olan bütün xatirələrimi xatırlayıram. Nə vaxt tək olsam, ağlayıram və bu vəziyyətə dözə bilmirəm. O, hər gün işdən qayıtmağımı gözləyirdi” deyib.
Ata Əl Vəfa deyir ki, oğlu Məhəmmədin başına pis bir şey gələ biləcəyini düşünmür, çünki “kənddə hamı onu çox yaxşı tanıyır”.
“Polis araşdırmasından sonra oğlumun öz əmisi oğulları, onunla oynayan və hətta itəndə onu mənimlə birlikdə axtaran qohumlarım tərəfindən öldürüldüyünü biləndə şoka düşdüm”, – Əl Vəfa deyir.
Qətl Misirdə sosial mediada böyük etiraza səbəb olub.
Bir çox insanlar çəkindirici vasitə kimi cinayətkarların sərt cəzalandırılmasını tələb ediblər.
Digərləri valideynlərə uşaqları kiminlə vaxt keçirdiklərini izləməklə onları daha yaxşı qorumaq üçün xəbərdarlıq etdilər.
Son illər Misirdə digər oxşar cinayətlər də törədilib.
2021-ci ilin sentyabrında rəsmi qəzetlərdə Yuxarı Misirdə bir kənddə bir gəncin öldürülməsi və əzalarının kəsilməsi xəbəri çıxdı.
Yerli mətbuatın məlumatına görə, gəncin əmisi, bibisi və əmioğluları qətli törətdiklərini etiraf edərək, qədim məzarlardan birinin açılması üçün gəncin cansız bədənini ruha qurban verdiklərini bildiriblər.
2023-cü ildə isə Gizada bir qız atasının gözü qarşısında təcavüzə məruz qaldı və günahkar Giza Cinayət Məhkəməsinə sövq edildi. Şübhəli şəxs evinin altında qədim məzarın açılması üçün cin tərəfindən verilən əmrə tabe olduğunu iddia edib.
Qızın atası həbs edilib və həbsxanada ölüb. Şübhəli aylar sonra, hökmün çıxarılmasına bir neçə gün qalmış öldü.
Mənbə: Haber Global