14 C
Baku
21 Noyabr 2024, 18:35
Sosial

“Simulyasiya və Təlim Mərkəzi yaradılacaq”

Səhiyyə Nazirliyində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Hande Harmancı ilə görüş keçirilib.

Giriş sözü ilə çıxış edən səhiyyə naziri Teymur Musayev ölkəmizin nüfuzlu səhiyyə təşkilatı ilə əlaqələrin inkişafına böyük önəm verdiyini söyləyib. Onun sözlərinə görə, 30 il ərzində qarşılıqlı əməkdaşlıq şəraitində mühüm işlər görülüb, bir sıra regional layihələr uğurla həyata keçirilib.

İlkin səhiyyə xidmətinin gücləndirilməsini universal tibbi təminatın əsasını təşkil etdiyini qeyd edən nazir bu xidmətin inkişaf etdirilməsi üçün tibb işçilərinin, xüsusilə tibb bacılarının intensiv təlimlərə cəlb edilməsinin vacibliyini vurğulayıb. Bu məqsədlə Səhiyyə Nazirliyinin təşəbbüsü ilə gələn il Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Sumqayıt şəhərində Simulyasiya və Təlim Mərkəzi yaradılacaq. Mərkəzin yaradılmasında əsas məqsəd tibb işçilərinin bilik və bacarıqlarının artırılması, eyni zamanda yerli təlimçilərin yetişdirilməsidir.

ÜST ekspertlərinin ictimai səhiyyə sahəsində çoxillik təcrübəyə malik olduğunu vurğulayan Teymur Musayev Azərbaycan Tibb Universitetinin və Səhiyyə Nazirliyinin tabeliyindəki tibb kolleclərinin mütəxəssisləri ilə birgə layihələrin həyata keçirilməsini və təcrübə mübadiləsinin vacibliyini qeyd edib.

Öz növbəsində ÜST-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Hande Harmancı gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib. ÜST-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri son illər Azərbaycanda səhiyyə sisteminin gücləndirilməsi məqsədilə islahatların aparılması və tibbi xidmətlərlə hərtərəfli əhatəsinə nail olunması istiqamətində mühüm işlərin görüldüyünü qeyd edib. Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı ilə uzunmüddətli sıx əməkdaşlığını vurğulayan Hande Harmancı ÜST-nin ilkin səhiyyə xidmətinin gücləndirilməsinə dəstək tədbirlərinə hər cür köməklik göstərməyə hazır olduğunu bildirib.

Görüşdə iştirak edən ÜST-nin ölkəmizdəki nümayəndəliyinin tibbi eksperti Halil İbrahim Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Səhiyyə Nazirliyi və ölkəmizin digər səhiyyə qurumları ilə birgə Bakıda “Tibb bacısı və mamalığın gücləndirilməsi üzrə Azərbaycan simpoziumu” təşkil olunduğunu qeyd edib.

Görüşün yekununda tərəflər yeni birgə layihələrin (səhiyyə informasiya sistemlərinin təkmilləşdirilməsi; səhiyyə sahəsində fövqəladə hallara hazırlıq üzrə birgə qrupun yaradılması; ilkin səhiyyə xidmətinin gücləndirilməsinə dəstək; Sumqayıt şəhərində Simulyasiya və Təlim Mərkəzi yaradılması istiqamətində görülən işlər və s.) həyata keçirilməsinə dair razılığa gəliblər.

Aynur Camal

Oxşar xəbərlər

“Heydər Əliyev İli” çərçivəsində keçirilən silsilə tədbirlər davam edir

Aynur Camal

7,4 bal gücündə zəlzələ oldu: Ölənlər və yaralananlar var!

Aynur Camal

Qanunsuz ov edənlərə qarşı reyd keçirildi: 2 nəfər saxlanıldı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu