Siyasi ekspert Məhəmməd Əsədullazadə sosial media hesabında İranla bağlı gərgin vəziyyətə dair diqqətçəkən fikirlər səsləndirib.
Ekspert bildirib ki, ABŞ və İsrail tərəfindən İran daxilində xüsusi əməliyyatlar həyata keçirilir və bu çərçivədə SEPAH qüvvələri və polis əməkdaşlarına qarşı sui-qəsd xarakterli hücumlar baş verir.
Onun sözlərinə görə, ABŞ administrasiyası İranla bağlı strategiyasında dəyişiklik edib və artıq rejimin devrilməsi istiqamətində planlar qurulur. Eyni zamanda, NATO-nun da ABŞ-a hərbi dəstək vermə ehtimalının artdığı qeyd olunub.
Məhəmməd Əsədullazadə vurğulayıb ki, İranın 4 min kilometr mənzilli ballistik raketlərdən istifadə etməsi Avropa ölkələrinin bu ölkəyə münasibətində dəyişiklik yaradıb.
Ekspert əlavə edib ki, Türkiyə və Səudiyyə Ərəbistanı tərəfindən SEPAH-ın hakimiyyəti tam şəkildə prezidentə təhvil verməsi istiqamətində danışıqlar aparılır. Onun fikrincə, ABŞ yaxın zamanda SEPAH-ı zəiflətmək üçün yeni əməliyyatlar həyata keçirəcək.
Siyasi analitik hesab edir ki, hazırda İran çıxılmaz vəziyyətdədir və Çin ilə Rusiya da mövcud rejimin uzunmüddətli perspektivdə davam edə bilməyəcəyini düşünür.
