4 C
Baku
14 Yanvar 2026, 19:41
Dünya

Siyasi ekspert: Ermənistan və ABŞ Zəngəzur dəhlizi ilə bağlı birgə bəyanat imzalayıb

Siyasi ekspert Məhəmməd Əsədullazadə Ermənistan və ABŞ arasında “Zəngəzur” dəhlizinin açılması ilə bağlı mühüm razılaşmanın əldə olunduğunu bildirib.

Ekspert bu barədə öz sosial media hesabında paylaşım edərək qeyd edib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibi Marko Rubio Zəngəzur dəhlizinin (TRİP) marşrutunun açılmasının rəsmiləşdirilməsi istiqamətində birgə Bəyannamə imzalayıblar. Paylaşımda bildirilir ki, sözügedən marşrutda ABŞ 70 faiz, Ermənistan isə 26 faiz paya sahib olacaq.

M.Əsədullazadənin fikrincə, sənədin Vaşinqtonda imzalanması Azərbaycanın strateji qələbəsi kimi dəyərləndirilə bilər. O xatırladıb ki, Ermənistan uzun müddət Zəngəzur dəhlizinin açılmasına qarşı çıxsa da, hazırda bu istiqamətdə ABŞ-la ikitərəfli müqavilə imzalayıb.

Ekspert vurğulayıb ki, imzalanmış sənəd Ermənistanın Rusiyanın təsir və təzyiqlərini neytrallaşdırmasına xidmət edəcək. Onun sözlərinə görə, Ermənistan bu addımı Azərbaycanla razılaşdırmadan ata bilməzdi və rəsmi Bakının icazəsi olmadan Yerevanın Vaşinqtonla belə bir bəyanat imzalaması mümkün deyildi.

Paylaşımda qeyd olunub ki, son günlər Rusiya Zəngəzur dəhlizi ilə bağlı mövqeyini açıqlayaraq, dəhlizin Rusiya sərhəd qoşunlarının məsuliyyət zonasında olduğunu və Moskvanın icazəsi olmadan layihənin icrasını qeyri-mümkün saydığını bəyan etmişdi.

M.Əsədullazadə hesab edir ki, Vaşinqtonda bəyanatın imzalanması seçkilər ərəfəsində Ermənistanın baş naziri Nikol Paşinyanın mövqeyini gücləndirib. Belə ki, müxalifət Zəngəzur dəhlizinin açılmasını Azərbaycana güzəşt kimi təqdim edirdi. İkitərəfli bəyanat isə bu iddiaların üzərindən xətt çəkib və dəhlizin keçdiyi ərazilərin Ermənistanın yurisdiksiyasında olduğu təsbit edilib.

Ekspertin sözlərinə görə, ABŞ şirkətləri Zəngəzurda təmir-tikinti işlərinə cəlb olunacaq. O bildirib ki, Ermənistanın əsas planı da məhz budur, çünki yolun bərpası üçün ciddi maliyyə vəsaiti tələb olunur.

Qeyd edək ki, Məhəmməd Əsədullazadə Milli Cəbhə Partiyasının sədr müavini və siyasi ekspertdir.

Aynur Camal

Oxşar xəbərlər

NASA-nın Mars Nümunə Qaytarma Missiyası Ləğv Edildi

Aynur Camal

Fermerlər Milli Assambleyanın qarşısına 30 ton kartof tökdülər

Aynur Camal

Stressi effektiv şəkildə azaltmağın sadə bir yolu müəyyən edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu