4 C
Baku
14 Yanvar 2026, 23:48
DünyaSiyasət

Siyasi ekspert Məhəmməd Əsədullazadə: Şah rejimi ilə molla rejimi eyni sistemin fərqli formalarıdır

Siyasi ekspert Məhəmməd Əsədullazadə öz sosial media hesabında  paylaşdığı analitik yazıda İranda keçmiş şah rejimi ilə hazırkı dini hakimiyyət arasında mahiyyət baxımından ciddi fərqin olmadığını bildirib. Ekspertin fikrincə, 1979-cu ildə Pəhləvi hakimiyyətini əvəz edən molla rejimi əslində “eyni medalın iki üzü”dür.

Məhəmməd Əsədullazadə qeyd edir ki, bu iki sistemdən biri sekulyar, digəri isə dini ideologiya pərdəsi altında təqdim olunsa da, hər ikisi İranda sərt və avtoritar idarəetmə modelinin qurulmasına xidmət edib. 1979-cu ilin fevralında “şaha ölüm” şüarı ilə ayağa qalxan İran xalqı despotizmdən xilas olacağına ümid edirdi. Lakin kostyumlu Məhəmməd Rza şahı əvəz edən əmmaməli Ruhullah Xomeyni vilayəti-fəqih sistemini tətbiq etməklə ölkədə faktiki olaraq yeni bir şahlıq modelinin əsasını qoydu.

Ekspertin sözlərinə görə, şah dövründə mövcud olan baş nazirlik institutunun yerinə səlahiyyətləri ciddi şəkildə məhdudlaşdırılmış, əsasən iqtisadi sahəyə cavabdeh olan prezident institutu yaradıldı. Şah rejimi dövründə repressiv funksiyanı yerinə yetirən SAVAK strukturu isə dini rejimdə SEPAH-la əvəz olundu. Nəticədə eyni idarəetmə məntiqi və eyni sistem sadəcə fərqli adlar altında İran xalqını dərin siyasi və sosial böhran həddinə gətirib çıxardı.

Məhəmməd Əsədullazadə vurğulayır ki, Pəhləvilər dövründə də İran Yaxın Şərq siyasəti yürüdürdü, hazırkı dini rejim də bu xətti davam etdirir. Bu, İranın coğrafi və tarixi baxımdan Yaxın Şərqin ayrılmaz hissəsi olması ilə bağlıdır və regionda mövcud olan heç bir dövlət siyasi proseslərdən kənarda qala bilməz.

Ekspertin fikrincə, 1979-cu ildən bəri hakimiyyətdə olan vilayəti-fəqih sistemi ölkəni inkişaf etdirə bilmədi və cəmiyyəti əsasən zor və basqı yolu ilə idarə etdi. Fevral ayında İslam İnqilabının 47-ci ili tamam olacaq. Bu illər ərzində bir vaxtlar Pəhləvilərə qarşı azadlıq şüarı ilə ayağa qalxan xalq bu gün artıq dini rejimi devirmək tələbi ilə etirazlara çıxır.

Məhəmməd Əsədullazadə həmçinin bildirir ki, 1979-cu il etiraz aksiyalarında xarici mərkəzlərin rol oynadığı kimi, bu gün də İranda baş verən etirazlarda müxtəlif agentura şəbəkələrinin fəallığı müşahidə olunur. O dövrdə Pəhləvilərə qarşı işlədilən mexanizmlər indi molla rejiminin özünə qarşı tətbiq edilir.

Ekspert hesab edir ki, İranda dini rejim devrilsə belə, qurulacaq yeni sistem böyük ehtimalla eyni strateji xətti davam etdirəcək. Qərblə münasibətlərin normallaşması baş versə də, Yaxın Şərq siyasəti və regional ambisiyaların dəyişməsi real görünmür. Onun fikrincə, İranda demokratiyanın qurulması ölkənin geosiyasi iddialarından imtina edəcəyi anlamına gəlmir.

Məhəmməd Əsədullazadə yekunda qeyd edir ki, region üçün qapalı və zəif İran daha məqbul hesab olunur. Sabah İranda rejim dəyişsə və yeni sistem formalaşsa belə, bu, həm region, həm də İran xalqı üçün eyni ssenarinin fərqli formada davamı ola bilər.

Milli Cəbhə partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə 

Aynur Camal

Oxşar xəbərlər

Alimlər insanın bədənini “özünə məxsus” hiss etməsinin sirrini tapdı

Aynur Camal

❄️ Bilirdinizmi? Dünyada ilk “buz arxivi” yaradıldı

Aynur Camal

Politoloq Aqil Məmmədov: Davos ərəfəsində dünya daha riskli mərhələyə daxil olur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu