16 C
Baku
21 Noyabr 2024, 15:15
Baş xəbərMədəniyyət

Sonun başlanğıcı (fəlsəfi esse)

Elçin Bayramlı

-Arius-19 qalaktik ulduz ekspedisiyası. Andromeda Qalaktikası Kosmik Mərkəzi sizi çağırır. Cavab verin? Hardasınız?

-Kosmik Mərkəz, Arius-19 eşidir, qəbul.

-Mövqeyiniz və vəziyyətiniz haqda raport verin.

-Mərkəz, hər şey qaydasındadır. Hazırda qonşu Süd Yolu Qalaktikasının 4-cü ulduz dumanlığında yerləşən Günəs sistemindəyik. 1 ulduzlu, 9 planetli sistemdir, planetlərdən birinin yerində onun orbiti üzrə asteroid qurşağı dövr edir, qiymətləndirmələrimizə görə, orada dəhşətli nüvə müharibəsi törədilib, planet darmadağın edilib, lakin bundan əvvəl bu dəhşəti törədən bir qrup şəxs kosmik gəmilərlə aradan çıxa bilib və yaxınlıqda yerləşən, həyat üçün əlverişli olan Yer planetinə keçiblər. İndi həmin planetin dağıdılması ilə məşğuldurlar. Hazırda həmin planetin aşağı orbitindəyik və planetdəki bütün prosesləri izləyirik. Vəziyyət çox acınacaqlıdır. Buradan qaçacaqları yer yoxdur, çünki yaxınlıqda bunların yaşaya bilməsi üçün yararlı planet yoxdur, olsaydı belə ora gedə biləcək texnologiyalarının yaxın bir neçə yüz ildə olmayacağı dəqiqdir.

– Arius-19, oradakı sivilizasiya hansı təfəkkür mərhələsindədir? Əlaqə yaradılması üçün uyğun səviyyədədirlərmi?

– Mərkəz, buradakı sivilizasiya ibtidai təfəkkür səviyyəsindədir. Mütəxəssislərimiz son 5 min illik tarixi nəzərdən keçirdi, bu müddətdə bir gün belə müharibəsiz keçməyib. Bu qorxunc məxluqlar müxtəlif, siyasi, dini, etnik və sair qruplara bölünüb bir-birilərini vəhşicəsinə qırmaqla məşğuldurlar. Son 100 ildə 2 böyük dünya müharibəsi törədiblər, 100 milyondan artıq adam öldürülüb. Mərkəz, bəlkə də bunu anlaya bilməyəcəksiniz, çünki kainatın heç yerində belə halla qarşılaşılmayıb, amma bunu raportumuza əlavə etməliydik- burada uşaqları, körpələri də bombalarla, raketlərlə parçalayıb öldürürlər. Qan su yerinə axır. Planetdə son 80 ildə keçirilən saysız-hesabsız nüvə sınaqları nəticəsində hər yer zəhərlənib. İri dövlətlər öz hərbi arsenallarını kütləvi qırğın silahları ilə doldurub- atom bombaları, hidrogen bombaları, neytron bombaları, bakterioloji bombalar, bioloji silahlar, iqlim silahları kimi çox növdə kütləvi qırğın texnologiyaları var.

-Arius-19, texnoloqlarınız nə deyir, elmi-texniki inkişaf səviyyələri necədir?

– Burada elm və texnologiya olduqca səhv yolla inkişaf edir və həm planetə, həm də özlərinə ancaq zərər verir. Beləcə dünyalarını məhvə sürükləyirlər. Məsələn, bütün kainat qüdrətli və tükənməz enerjidən ibarət olduğu halda, bunlar enerji əldə etmək üçün planetin altını üstünə çevirib məhv edirlər. Biz araşdırdıq, indiyədək yaratdıqları bircə dənə belə texnologiya nümunəsi yoxdur ki, o, özlərinə və planetə zərər vurmasın. Tibb elmi isə tamam biabırçılıqdır. Bunlar hələ öz orqanizmlərini, öz dünyalarını öyrənə bilməyiblər, amma kainatın cəmisi 13 milyard il qabaq yarandığını “sübut ediblər”, halbuki, bizim qalaktikalararası ekspedisiyanın yaşı elə 100 milyard ilə yaxındır. Üstəlik, bunların bəzi alimləri Ali Yaradanın olmadığını, yaradılışın özbaşına yarandığını iddia edirlər. Bunu eşidəndə təəəccübdən az qala ölmüşdük. Bir sözlə burada elm və texnologiya da quldurların əlindədir, necə istədilər o formada saxta məlumat buraxırlar ortaya. Ən yaxın qonşu evə- yəni Mars və ya Venera planetinə gedə biləcək texnikaları yoxdur, amma özlərini elə öyürlər elə bil qalaktikada səyahət edirlər. Planetin yeraltı və yerüstü təbii sərvətlərini o qədər vəhşicəsinə talayıb dağıdırlar ki, artıq sivilizasiyanın yaşaması üçün lazım olan bir çox zəruri maddələr tükənir. Yüzlərlə hərbi bioloji lobaratoriya yaradıblar, durmadan qorxunc viruslar istehsal edirlər. Kənardan müdaxilə edilməsə, bu planetdə həyat başa çatacaq.

-Arius-19, müdaxilə ixtiyarımız yoxdur, hər şey yaradılış qanunlarına və təbii qaydalara uyğun olmalıdır. Planetdə hansısa formada idarəetmə yoxdurmu?

– 200 dövlət yaradıblar, bütün güclərini hərbi texnologiya və silahlara sərf edib bir-birilərini qırırlar. Özləri cəhənnəm, digər canlıları da vəhşicəsinə məhv edirlər. Astrobioloqlarımız deyir ki, indiyədək planetdəki heyvan növlərinin 60 faizindən çoxunu yoxa çıxarıblar, bu rəqəm 80 faizə çatanda planetdə bioloji həyat məhv olur. Astroekoloqlarımızın qiymətləndirmələrinə görə, planet çox zəngin və möhtəşəmdir, lakin onu artıq xarabaya çevirirlər. Meşələrin 60 faizi məhv edilib, bütün su mənbələri çirkləndirilib, torpaqlar zəhərlənib, bitkilər və heyvanlar genləri dəyişdirilərək dəhşətli vəziyyətə salınıb. Özləri isə, axmaq fəaliyyətlərinin nəticəsi olan yaranmış minlərlə xəstəliklə mübarizə aparırlar. Burada dünya birliyi adı ilə bir təşkilat yaradıblar, lakin o da iri dövlətlərin əlində oyuncağa çevrilib və müdaxilə edə biləcəyi heç nə yoxdur.

Planetin sərvətləri 100 milyard adamı təmin etmək gücündə olsa da, 8 milyard adamın 4 milyardı yoxsul halda yaşayır. 1 milyardı isə ac qalır, halbuki, hazırki ərzaq isehsalı 15 milyard adama yetəcək həddədir. Bir vəhşi idarəetmə sistemi yaradıblar, adına kapitalizm deyirlər, bir qrup adam biclik, fırıldaq və zor gücünə dünyanın bütün sərvətinə yiyələnib, qalanlarına heç nə saxlamırlar.

-Arius-19, planetdəki məxluqlarla canlı əlaqə yarada bilmisinizmi, digər sivilizasiyalara münasibətləri necədir?

-Mərkəz, planetdə özlərini şüurlu sayan şüursuz məxluqların ümumi sayı 8 milyarddır. Əvvəl müşahidə etdik və arada özümüzü göstərdik ki, görək reaksiyaları necədir? Bizi atəşə tutdular, hər şeyə düşmən kimi baxırlar. Bizim texnoloqlar bunların informasiya və kommunikasiya sistemlərini araşdırdı, bütün filmlərdə bizi və kainatın başqa yerlərində olan digər sivilizasiya nümayəndələrini qorxunc və dəhşətli təsvir edirlər. Halbuki, kainatda yeganə vəhşi canlı növü bunlardır. Bir neçə gün əvvəl bizim uşaqlar onlardan birini tutub gətirmişdilər ana gəmimizə. Astropsixoloqlarımız onunla bir az söhbət etdi, gördük ki, bunlar ibtidai təfəkkürdən də aşağı səviyyədədirlər. Utanmadan bizə dedi ki, yaradılışın əşrəfi insandır. Gəmi heyətimiz gülməkdən az qalmışdı ölsün, güclə özlərinə gətirdik. Baxdıq ki, beyinlərinin 1 faizini belə istifadə edə bilmirlər. O 1 faizin də çoxu qəzəb, nifrət, paxıllıq, vəhşilik, əxlaqslızlıq, qudurğanlıq, hakimiyyət hərisliyi, sərvət hərisliyi, yalançılıq kimi pis xüsusiyyətlərlə yüklənib. Bunları ona deyəndə boynuna almadı, özünü artistliyə qoydu. Nə isə, gördük başa sala bilməyəcəyik, yola saldıq getdi.

-Arius-19, sosioloq ekspertləriniz nə deyir, bunların qalaktik federasiyaya qəbul edilməsi üçün nə qədər vaxt lazımdır, əhliləşmək imkanları varmı?

-Mərkəz, bəli belə qiymətləndirmə aparılıb. Bunlar hələ ibtidai sivilizasiyadır. Texniki cəhətdən beş-on primitiv aparat filan yarada biliblər, amma mənəvi cəhətdən güclü deqradasiyaya məruz qalıblar. Belə şüur səviyyəsi ilə Yüksək Sivilizasiyalı Planetlər Şurasına qəbul edilmələri mümkün deyil. Hesablamalarımıza görə, bunun üçün azı 600 il vaxt lazım olacaq, lakin planetin heç 100 il vaxtı qalmayıb. Sonunu əsrini yaşayır. Planet elə vəhşicəsinə dağıdılıb ki, proseslər qarşısıalınmaz və geridönməz mərhələyə keçib. Artıq qlobal kataklizmalar başlayır. Bundan başqa, qiymətləndirmələrimizə görə, yaxında kütləvi qırğın silahlarının iştirakı ilə sonuncu dünya müharibəsinin baş vermə ehtimalı 94 faizdir. Bir sözlə, bu sivilizasiyanın xilası ancaq nəzəri cəhətdən və möcüzə sayəsində mümkündür.

-Arius-19, onların arasında yüksək təfəkkürə malik olanlar yoxdurmu, onları xilas etmək mümkündürmü?

-Mərkəz, bəli, biz hesabladıq, planetdə belələrinin sayı çox deyil. Onlar üçün ana gəmimizin 3-cü korpusunda yer ayırmışıq. Hələ ki, bu planetdə məhvolmanın başlamasını gözləyirik, həmin vaxt onlar xilas edilərək, burada saxlanılacaq, planet yaşayış üçün normal hala qayıdanda onları yenidən Yer üzünə buraxacağıq.

-Arius-19, diqqətli olun, səhvə yol verməyin, o planetdə həyatın tam yoxa çıxmasına imkan vermək olmaz. Seçdiyiniz əxlaqlı və yüksək təfəkkürlü insanları qoruyun. Tam dağılmadan sonra onlar o planetdə yenidən şüurlu həyatı təmsil edəcəklər və bəlkə də bir müddət sonra normal sivilizasiyaya çevrilə bildilər. Sizə uğurlar. Əlaqənin sonu…

 

Kəmalə Sultan

Oxşar xəbərlər

Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib

Bugün TV

Narkotik əməliyyatlarında 21 şübhəli həbs olundu

İntizar Əmirova

Yaponiyada 120 saatdan çox dağıntılar altında qalmış şəxs aşkar edildi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu