2 C
Baku
14 Dekabr 2024, 9:31
Sosial

Sosial şəbəkədə “xoşbəxtlik” – Ördək sindromu

Texnologiyadakı yeniliklər özü ilə bərabər, həyatımıza yeni və müasir “xəstəlik”lər də gətirir. Bunların başında natamamlıq kompleksi durur. Belə ki, insanlar sosial şəbəkədə “xoşbəxt” anlarını paylaşan cütlükləri və ya fərdləri müşahidə edərək, özünü natamam hiss edirlər. “Xoşbəxt görünüşlü” paylaşımlar etməyə başlayırlar. Buna psixologiyada “Ördək sindromu” deyilir. Deyəcəksiz ki, nəyə görə məhz ördək? Yəqin ki, hər kəs bu ev quşunun su üzərində necə rahat üzdüyünü seyr  edib. Onu suyun altında ayaqları ilə necə əziyyət çəkdiyini isə, görən olmur. Bunu tək ördək özü bilir.

Gündəlik olaraq vaxtımızın çox hissəsini sosial şəbəkələrdə keçiririk. Bu virtual aləmdə hamı xoşbəxtdir. Hər kəs mükəmməl bədən quruluşuna malikdir, dəb-dəbəli evdə yaşayır və gözəl insanlarla əhatə olunub. Hər kəs özünün vacib olduğunu göstərir. Bu özünü təsdiqləmə cəhdi, tez bir zamanda psixoloji sağlamlıq üçün dağıdıcı nəticələrə səbəb olan bir asılılığa çevrilə bilər.

Psixoanalitik Mixail Storanın araşdırmasına görə, sosial şəbəkə insanların xoşbəxtlik axtarışı ilə tükəndiyi cəmiyyət ideyasını gücləndirir. Burada nümayiş etdirilən bir növ xoşbəxtlik tiranlığıdır. Sanki “Nəyin bahasına olursa olsun, uğur qazanmaq məcburiyyətindəyik”, söyləyən bu xoşbəxtlik alqoritmi sosial media tərəfindən yaradılır.

“Buna görə də tətildə çəkilmiş şəklimi yerləşdirərkən, əvvəl yoldaşımla aramızda keçən söz-söhbətdən və ya uşaqlarımın qısa müddət sonra ağlamasından bəhs etmədən, sadəcə xoşbəxt olduğumuzu göstəririk. Buna psixologiyada “Ördək Sindromu” deyilir”.

Sosial şəbəkə istifadəçisi Denni Bovman Facebookda ilk selfisini yayımlayanda 14 yaşında idi. Zamanla o, tanınmaq üçün daha çox fotoşəkil yerləşdirir. Gündə yüzlərlə selfi paylaşırdı. Bədənini “optimallaşdırmaq” üçün yeməyi dayandırıb və 12 kiloqram arıqlayır. Sonra məktəbə getmədi və altı ay evdən bayıra çıxmadı. Çünki həyatda çirkin olduğunu düşünürdü. Çarəsizlik içində hətta, intihara cəhd etdi. Daha sonra Denni bütün sosial şəbəkələrdən uzaqlaşır və yavaş-yavaş sağalır.

“İlk selfi çəkdiyim zamanı xatırlayıram. Evdə idim və qış gecəsiydi. Təəssüf ki, lazım olan və istədiyim bəyənmələri ala bilmədim. Özümü doğrultmaq üçün daha çox selfi çəkdim. Bu, çox ifrat dərəcədə oldu. Çünki, həyatımda başqa heç nəyə yer yox idi, nə dostlarıma, nə ailəmə, nə də təhsilimə”.

22 yaşlı Marin Qarnerin isə 4922 izləyicisi var və onun ən böyük narahatlığı abunəçilərini məyus etməkdir. O, makiyajına saatlarla vaxt sərf edir. Yerləşdirmək istədiyi bir şəkil üçün yüzlərlə fotoşəkil çəkir. Özünü kamera qarşısında nə qədər həssas hiss etdiyini və bəyənilmək üçün çox çalışdığını deyir.

“İnsanların məni bəyənmələrini istəyirəm, çünki əvvəllər bəyənmirdilər. Bu, həqiqətən çətindir. Gözəl dostlara sahib olmaq istəyirdim. Bu çox axmaq səslənir, amma gəncsinizsə və heç bir dostunuz yoxdursa, bu çox çətindir. Buna görə də, insanların sosial platformada məni bəyənməsini istəyirəm”,- Marin Qarner bildirib.

Real həyatda insanlar bir-birlərinə, “çox gözəlsən, geyimin çox dəblidir” demir. Sosial şəbəkələrdə isə, əksinə dərhal şərhlər və reaksiyalar alırsan. Bu da insanların xoşuna gəlir. Amma bu mükəmməl həyatların arxasında tez-tez asılılıqdan əziyyət çəkənlər, depressiya və hətta intihar da olur”.

Psixoanalitik Mixail Stora deyir ki, başqalarının gözündə yüksəlmək üçün özümüzü fərqli göstərməyə çalışırıq. “Məncə bu çox narahatedicidir. Çünki bununla, yalnız müəyyən bir imic üçün sevilirsiniz, özünüz olduğunuz üçün yox.  Araşdırmalara görə, hər iki nəfərdən biri sosial şəbəkələrdə çox vaxt keçirdiyini etiraf edir, 100-dən 13-ündə asılılıq əlamətləri var ki, bu da real həyatı çətinləşdirir. Rəqəmsal xoşbəxtlik bir ixtiradır, bunun arxasında duran, bədbəxt insanların xoşbəxt ola biləcəkləri fikridir. Bir çox insan yalançı xoşbəxtlik və  sevinc nümayiş etdirir. Bədbəxtliyini bu yolla gizlədir. Əsl xoşbəxt insanlar isə demək olar ki, çox az paylaşım edirlər. Çünki onların şəkil çəkdirmək ağıllarına belə gəlmir”.

Unutmayaq ki, özünü təsdiq üçün başqalarının bəyənməsini, şərhini gözləmək zəif insanların atdığı addımdır. Əsl xoşbəxtlik sosial şəbəkədəki paylaşımınızda deyil, real həyatda ailəniz, dostlarınızla olan xoş münasibətinizdədir.

 

 

 

Nigar Məmmədova

Oxşar xəbərlər

Məktəblərdə smartfonlar qadağan edilməlidir! UNESKO ÇAĞIRIŞ ETDİ

Kəmalə Sultan

DİN videomüşahidə kameraları ilə bağlı məlumat yaydı

Aynur Camal

Uşaqlarımızı necə qorumaq olar? – EKSPERTDƏN AÇIQLAMA

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu