14 C
Baku
22 Noyabr 2024, 4:16
Baş xəbərİqtisadiyyatSiyasət

Sosial tərəqqi Prezident İlham Əliyevin fəaliyyətində başlıca prioritetlərdən birini təşkil edir

Bugun.tv xəbər verir ki, Azərbaycanın siyasi-iqtisadi, ictimai-sosial, elmi-mədəni inkişafının dərin təməllərinin konseptual əsaslarını yaradan Ümummilli Lider Heydər Əliyevin siyasi irsi Prezident İlham Əliyev tərəfindən davam etdirilərək daha da zənginləşdirilib. Prezident İlham Əliyev islahatlar kursunun miqyasını yeni inkişaf erasının tələblərinə uyğun dərinləşdirərək Azərbaycanın davamlı iqtisadi inkişafının, uzunmüddətli sabitliyinin təminatçısına çevrilib.

2003-cü ilin 15 oktyabrında keçirilən prezident seçkilərində xalqımızın etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev andiçmə mərasimində bəyan etmişdi: “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm”. Verilən vədlər ötən dövrdə uğurla reallaşdırıldı.

AZƏRTAC xəbər verir ki, ötən 20 il onu göstərdi ki, Prezident İlham Əliyevin başlıca məqsədi dövlətə və dövlətçiliyə, xalqa və vətəndaşa xidmət göstərməklə ölkənin inkişafına, hər bir vətəndaşın sosial tərəqqisinə nail olmaqdır. Dövlət başçısı qəti qərarlar qəbul etməklə xalqın vəziyyətinin yaxşılaşması və rifah halının yüksəlməsi üçün mühüm sosial tədbirlər gerçəkləşdirir. Ümumiyyətlə, sosial tərəqqi Prezident İlham Əliyevin fəaliyyətində başlıca prioritetlərdən birini təşkil edir və ötən 20 il ərzində atılan addımlar bunun göstəricisidir.

Ümumiyyətlə, dövlətimizin başçısı tərəfindən imzalanan fərman və sərəncamlar ötən 20 il ərzində 15-dən çox yeni aylıq sosial ödəniş növünün təsis edilməsinə, habelə pensiya təminatında humanist yanaşmaların tətbiqi sosial təminat sisteminin əhəmiyyətli dərəcədə genişlənməsinə imkan yaradıb. Belə ki, dövlət başçısının şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə xüsusi qayğısının təzahürü olaraq 2007-ci ilin əvvəlindən şəhid ailələri, 2008-ci ilin sentyabrından müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü təyin edilib. Ötən dövrdə həmin təqaüdün məbləği şəhid ailələri üçün 6 dəfə artırılaraq 100 manatdan 600 manata, müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxslər üçün 5,6 dəfə artırılaraq 90 manatdan 500 manata, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə (II dərəcə) əlilliyi olan şəxslər üçün 5,7 dəfə artırılaraq 70 manatdan 400 manata, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə (III dərəcə) əlilliyi olanlar üçün 6,6 dəfə artırılaraq 50 manatdan 330 manata çatdırılıb.

Təqaüdlərlə yanaşı, həmin kateqoriyalardan olan şəxslər aylıq pensiya və müavinətlərlə də təmin edilirlər. Həmçinin Prezident İlham Əliyevin daha bir xüsusi qayğısı olaraq onlarla bağlı son illərdə yeni mühüm sosial dəstək proqramları – 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların ailələrinə və həmin tarixədək hərbi xidmət zamanı aldığı xəsarət və xəstələnməsi ilə bağlı əlilliyi müəyyən edilmiş şəxslərə və ya onların vərəsələrinə birdəfəlik ödəmələr verilməsi proqramları icra olunub.

Eyni zamanda, 2012-ci ildə II Dünya müharibəsi iştirakçılarına və həmin müharibə dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində işləmiş və digər şəxslərə də Prezidentin təqaüdü təyin edilməsinə başlanıb və ötən dövrdə 3,3 dəfə artırılaraq 100 manatdan 330 manata çatdırılıb. 2014-cü ilin əvvəlindən isə beşdən çox uşağı olan qadınların hər bir uşağına görə aylıq sosial müavinət təsis edilib və ötən dövrdə bu müavinətin məbləği də 3,5 dəfə artırılaraq 30 manatdan 105 manata çatdırılıb. 2014-cü ildə daha bir təqaüd növü – Əfqanıstanda sovet qoşunları tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan hərbi qulluqçuların ailələrinə də Prezidentin aylıq təqaüdü təsis edilib və bu təqaüd də ötən dövrdə 3 dəfə artırılaraq 200 manatdan 600 manata çatdırılıb.

Son beş il ərzində iqtisadi siyasətlə paralel şəkildə aparılan sosial islahatların geniş xarakter alması ölkənin ümumi inkişafına və əhalinin sosial müdafiəsinin güclənməsinə impuls verib.

“Azərbaycan xalqı ildən-ilə daha yaxşı yaşamalıdır. Bizim artan iqtisadi gücümüz ölkəmizin güclənməsinə, ilk növbədə, xalqımızın rifah halının yaxşılaşmasına yönəlməlidir və biz bunu edirik”, – deyən Prezident İlham Əliyevin fərman və sərəncamları ilə 2018-2023-cü illərdə əməkhaqqı və digər sosial ödənişlərin artırılması məqsədilə 4 sosial islahat paketi icra olunub.

Ümumilikdə, 4 milyondan çox vətəndaşı əhatə edən həmin islahatların hər biri üzrə illik əsasda ayrılan əlavə vəsaitlərin ümumi məbləği 7 milyard manata yaxındır. Bu islahatlar nəticəsində 2018-2023-cü illərdə ölkəmizdə minimum pensiya 2,5 dəfə, minimum əməkhaqqı 2,7 dəfə, orta aylıq pensiya 2,1 dəfə, yaşa görə orta aylıq pensiya 2 dəfə, orta aylıq əməkhaqqı 70 faiz, sosial müavinət və təqaüd ödənişləri 5 dəfə, median əməkhaqqı 2,1 dəfə, əməkhaqqı fondu 2,6 dəfə, işsizliyə görə sığorta ödənişlərinin orta aylıq məbləği 52 faiz artıb.

Azərbaycan Prezidentinin imzaladığı sənədlərlə son beş ildə daha 10 yeni sosial ödəniş növü – müharibə veteranlarına, birinci dərəcə əlilliyi olanlara və əlilliyi olan 18 yaşadək şəxslərə qulluq edənlərə, Vətən Müharibəsi qəhrəmanlarına, işləməyən pensiyaçı elmlər doktorlarına və fəlsəfə doktorlarına Prezidentin aylıq təqaüdü, uşaqları övladlığa götürən şəxslərə müavinət, himayədar ailələr üçün müavinət və s. təsis olunub.

Beləliklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təkcə 2018-2023-cü illərdə Prezidentin aylıq təqaüdü ilə təmin olunanların sayı 6,5 dəfə artaraq 60 mindən 390 minə çatıb. Aylıq sosial müavinətlə təmin olunanların sayı isə son beş ildə 5 faiz çoxalaraq 385 mindən 432 minə çatıb. Həmçinin son illər müvafiq qanunvericilikdə humanist yanaşmalar tətbiq edilib: 2019-cu ilin əvvəlindən əmək pensiyası yaşına çatan və fərdi hesabında hətta ən kiçik məbləğdə pensiya kapitalı olanlara avtomatik pensiya hüququ verilib, yaşa görə müavinət yaşı pensiya yaşı ilə eyniləşdirilib, 2022-ci ildə qanuna 50-dək əlavə və dəyişiklik edilməklə, erkən pensiya hüququ olan kateqoriyaların sırası genişləndirilib, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək sahələri sırasına yeni 59 vəzifə, peşə əlavə edilib və s.

Aztəminatlı ailələrin rifahına mühüm dövlət dəstəyi olan ünvanlı dövlət sosial yardımı proqramının icrasına da Prezident İlham Əliyevin təsdiq etdiyi qanunla 2006-cı ildə başlanılıb. Ötən dövrdə ünvanlı sosial yardım sistemi elektronlaşdırılıb, habelə qanunvericilikdə bir sıra dəyişikliklər edilərək, bu proqramın əhatə dairəsi genişləndirilməklə proqrama əlçatanlıq artırılıb, sosial yardımın təyinat şərtləri xeyli yumşaldılıb. Ünvanlı sosial yardım üçün müraciət zamanı ailədən tələb olunan məlumatların sayı əhəmiyyətli dərəcədə azaldılıb və artıq həmin məlumatlar müvafiq elektron informasiya bazalarından əldə olunur.

Eyni zamanda, ünvanlı dövlət sosial yardımının hesablanması üçün ehtiyac meyarının məbləği 2006-cı ildəki 30 manatla müqayisədə ötən müddətdə 8,2 dəfə artırılaraq 2023-cü ilin 1 yanvar tarixindən 246 manata çatdırılıb. Bu artım dinamikası aztəminatlı ailələrə ödənilən ünvanlı sosial yardımların məbləğində də ciddi artıma imkan yaradır. Hər ailəyə ödənilən ünvanlı sosial yardımın orta aylıq məbləği 2006-cı ilə nisbətən ötən müddətdə 11 dəfə artırılaraq 478 manata çatıb. Bununla yanaşı, artıq 2023-cü ildən ölkəmizdə ilk dəfə olaraq ehtiyac meyarının həcmi ilə yaşayış minimumunun həcmi bərabərləşdirilib ki, bu da ehtiyac meyarı həddinin yaşayış minimumu səviyyəsinə yüksəldilməsi hədəfinə nail olunduğunu göstərir.

Ölkəmizdə həyata keçirilən sosial islahatlar beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Son 5 ildə bu sahədə 46 beynəlxalq mükafat və sertifikat əldə olunub.

Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu və Prezident İlham Əliyevin davam etdirdiyi müdrik milli inkişaf strategiyası bundan sonra da ölkəmizi qələbələrə, zirvələrə doğru aparacaq.

 

Müxbir:İntizar Əmirova

 

Bugün TV

Oxşar xəbərlər

Kiyevin mərkəzindəki metro stansiyalarından biri fəaliyyətini dayandırdı

Aynur Camal

“M360 Eurasia 2023” konfransı baş tutub

Aynur Camal

İlham Əliyev Dünya Etnoidman Konfederasiyasının sədrini qəbul edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu