Bugun.tv -yə daxil olan məlumata görə, STK-da “1 Mart – Ümumdünya Mülki Müdafiə Günü” münasibətilə “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə kollecin rəhbərliyi, müəllim heyəti və tələbələr iştirak ediblər. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


STK-nın Mülki Müdafiə Qərargahının rəisi Arif Kərimov tədbiri açıq elan edərək, Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma tarixi və inkişaf yolu, həmçinin Azərbaycanın bu qurumda rolu barədə ətraflı məlumat verib.

O, çıxışında mülki müdafiənin əhəmiyyətindən, əsas vəzifələrindən və əhalinin fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması yollarından danışıb, tələbələri bu sahədə daha fəal olmağa çağırıb.
Daha sonra “1 Mart – Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbir iştirakçıların sual-cavab və müzakirələri ilə diskussiya formatında başa çatıb.


