Bugun.tv xəbər verir ki, ABŞ-ın Los-Anceles şəhərində su ehtiyatlarının qorunması üçün tətbiq edilən qeyri-adi üsul yenidən diqqət çəkib. Şəhərin su anbarlarından birinin səthi təxminən 96 milyon qara plastik topla örtülüb.
“Kölgə topları” adlandırılan bu plastik toplar günəş şüalarının birbaşa suya düşməsinin qarşısını almağa və küləyin yaratdığı buxarlanmanı azaltmağa kömək edir. Xüsusilə isti və quraq havalarda açıq su anbarlarından böyük həcmdə su buxarlanaraq itə bilər.
Mütəxəssislərin və yerli qurumların hesablamalarına görə, toplardan istifadə edilməklə hər il 300 milyon qallonadək, yəni təxminən 1,1 milyard litr suyun buxarlanmasının qarşısını almaq mümkündür.
Topların suyun qorunmasına başqa faydaları da var. Səthin kölgələnməsi günəş işığının suya təsirini azaltdığından yosunların yaranmasını məhdudlaşdırmağa və suyun keyfiyyətinin qorunmasına kömək edə bilər.

Topların qara rəngdə olması da təsadüfi deyil. Onların hazırlanmasında istifadə edilən karbon qarası plastik materialın ultrabənövşəyi şüalara qarşı davamlılığını artırır. Toplar suyun səthində bir-birinə yaxın şəkildə üzərək qoruyucu təbəqə yaradır.
Los-Ancelesdə bu üsul 2015-ci ildə tətbiq edilmişdi. Hazırda dünyanın müxtəlif bölgələrində quraqlıq və su çatışmazlığı ilə bağlı problemlərin artması həmin qeyri-adi həlli yenidən gündəmə gətirib.
Mənbə: En Son Haber
