İranın paytaxtı Tehranda ciddi su böhranı səbəbindən hökumətin qurumların, universitetlərin və məktəblərin bir həftəlik məcburi bağlanmasını nəzərdən keçirdiyi bildirilir.
Hökumət sözçüsü Fatma Mehajirani, “Tehranda su vəziyyəti son dərəcə ağırdır. Ona görə də paytaxtın bir həftəlik bağlanmasını nəzərdən keçiririk” deyib.
İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Mehajirani su böhranının “milli problem” olduğunu və tezliklə böyük bir fəlakətə səbəb ola biləcəyini bildirib. Ona görə də o, hökumətin qeyri-ənənəvi həll yollarını da nəzərdən keçirməli olduğunu vurğulayıb.
Mehajirani izah edib ki, İran Məclisi (İslami Məşvərət Məclisi) su böhranını həll etmək üçün iş həftəsinin beş gündən dördə endirilməsini təklif edib və yeni nizamnamədə yalnız şənbə və çərşənbə axşamı günlərində işləməyə diqqət yetirilib.
Bundan əlavə, COVID-19 pandemiyası zamanı tətbiq edilən evdən iş sistemi bərpa olunacaq. Bu, həm elektrik enerjisi, həm də su istehlakını azaltmaq məqsədi daşıyır.
Bir neçə gün əvvəl İran prezidenti Məsud Pezeşkian da Tehranın su böhranının ciddi şəkildə pisləşdiyini vurğulayaraq, təxminən 15 milyon Tehran sakininin şəhəri tərk etmək məcburiyyətində qala biləcəyi barədə xəbərdarlıq etmişdi. Bu bəyanat ölkədə ekoloji böhranla bağlı verilən ən sərt rəsmi xəbərdarlıqlardan biri hesab olunur.
Pezeşkian “Asr-ı Iran” qəzetinə verdiyi açıqlamada “Vəziyyət təhlükəlidir. Tehranda artıq su yoxdur” deyərək, paytaxtın başqa yerə köçürülməsinin təcili həll yolu kimi qiymətləndirildiyini bildirib.
İran hazırda 31 əyalətdən 20-dən çoxunda dərinləşən su böhranı ilə üz-üzədir. Bəzi həyati əhəmiyyətli su ehtiyatlarının tam tükənmək ərəfəsində olduğu bildirilir.
Mənbə: İlkha