Yazın gəlişi hər kəsdə xoş əhval-ruhiyyə yaradır. Xüsusilə, qışın son ayında Novruz çərşənbələri, baharın gəlişini hiss etdirir. Bu gün bayramın müjdəçisi olan, boz ayın ilk çərşənbəsi, böyük çillədən sonra Novruzun gəlişinin bizə xəbər verən su çərşənbəsidir. Novruza qədəm qoyan bu günə el arasında həmçinin “gözəl”, “əzəl çərşənbə”, “sular novruzu” da deyilir. Rəvayətə görə, Tanrı ilk olaraq suyu yaradıb. Ona görədə də ilk çərşənbə sudan başlıyır.Tarixi qədim dövrlərə dayanan bu günün özünəməxsus adət-ənənəsi var.
Bugun.tv xəbər verir ki, bu barədə folklorşünas İlhamə Qəsəbova məlumat verib. “Bu çərşənbə günü dədə-babadan bulaq üstünə gedərdilər, oradan su gətirib evə çiləyərdilər. Bəzən bundan xəmir də yoğurardılar ki, süfrələri bərəkətli olsun. Aşın suyunu da gətirdiklərindən qoyardılar. Hətta o sudan evdə xəstə varsa, onların üzərinə çiləyərdilər ki, tez şəfa tapsın”.
Çərşənbələrdə el-obamızda əkin sahələrini suvarmağa başlayırlar. Suyun təzələnməsi kimi anlaşılan həmin gün bütün mərasimlər su ilə bağlı olar. İnsanlar sübh tezdən axar suyun üstünə gedər, üstündən atlanarlar. İnanca görə, bunu edənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmçinin ilk çərşənbə ərəfəsində hamı ev-eşiyini səhmana salar, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənər, artıq budaqları və zoğları kəsilib cavanlaşdırılardı. Su çərşənbəsi axşamı süfrəyə təmiz su qoymaq və həmin ondan içmək də adətin bir hissəsidir.
İ.Qəsəbovun sözlərinə görə, su çərşənbəsi çərşənbələrin ilki olduğu üçün bu çərşənbədə biz bir o qədər də önəmli süfrə açmırıq. Sadəcə, çərşənbənin gəlişini qeyd edirik. Amma digər çərşənbələrimizdə su çərşənbəsindən fərqli olaraq, su ilə yuyub pakladığımız evlərimizdə Novruz süfrələrimizi açırıq. Bu çərşənbədə həm də səmənini göyərdirik. Çox insanlar bulaq başına gedər su gətirər ondan buğdanın üzərinə səpər ki, ilimiz ruzulu-bərəkətli, bolluqla gəlsin.
Əzəl çərşənbəsində su hövzələrinə yaxın yerdə axşam vaxtı tonqal qalanmalı, suyun paklığını, müqəddəsliyini tərənnüm edən nəğmələr, bayatılar səsləndirilməlidir. Aydınlıq rəmzi olan su həyat mənbəyidir. Ona görə də suyu qorumaq ondan qənaətlə istifadə etmək hər kəsin borcudur. Ömrünüz su qədər uzun və təmiz olsun!