Bugun.tv xəbər verir ki, Sudanda hökumət qüvvələri ilə çevik dəstək qüvvələri (RSF) arasında davam edən qarşıdurmalar fonunda ölkənin qərbində yerləşən Əl-Obeyd şəhəri ətrafında yeni hərbi gərginlik yaranıb.
Məlumata görə, tərəflər bölgəyə əlavə canlı qüvvə və hərbi texnika cəlb edir. Son günlər pilotsuz uçuş aparatlarından istifadənin artdığı, yaşayış məntəqələri yaxınlığında silahlı toqquşmaların qeydə alındığı bildirilir.
BMT və humanitar təşkilatlar vəziyyətin daha da pisləşə biləcəyindən narahat olduqlarını bəyan ediblər. Ekspertlər hesab edirlər ki, Əl-Obeyd şəhəri strateji mövqeyə malik olduğundan burada baş verə biləcək genişmiqyaslı döyüşlər ölkənin digər bölgələrinə də təsir göstərə bilər.
Münaqişənin uzanması nəticəsində minlərlə insanın təhlükəsiz ərazilərə köç etmək məcburiyyətində qala biləcəyi vurğulanır. Beynəlxalq ictimaiyyət tərəfləri atəşkəsə riayət etməyə və danışıqlar masasına qayıtmağa çağırır.
Qeyd edək ki, Sudan ordusu ilə RSF arasında silahlı qarşıdurmalar 2023-cü ilin aprelindən davam edir və ölkədə ciddi humanitar böhrana səbəb olub.
Mənbə: Reddit
