Bugun.tv – xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “Konstitusiya və Suverenlik İli” qrant müsabiqəsi çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə aparmış qəhrəmanların həyat hekayələrinə əsaslanan “Yarımçıq Qalmış” tamaşasının premyerası 2026-cı il 23 fevral tarixində Şuşa Dövlət Musiqili Dram Teatrında təqdim olunub. Tamaşanın müəllifləri Leyla Bəyim və Efim Abramovdur.


Layihənin rəhbəri Azərbaycan İncəsənət Məktəbinin təsisçisi Fərid Bağırov, quruluşçu rejissoru isə Yaqut Bədəlova olub.
Tamaşa ölkəmizin müstəqilliyi uğrunda canından keçmiş qəhrəmanların xatirəsini ehtiramla yad edir. Onların yarımçıq qalmış arzularını, geridə qoyduqları duyğuları və əbədi xalq yaddaşına həkk olunmuş igidliklərini poetik dildə tamaşaçılara çatdırır. Şəhidlərin “o dünyadan bu dünyaya baxışları”, taleyin dayandırdığı anlar və yarımçıq qalmış hekayələrin davam etmək istəyən səsi simvolik və bədii üslubda təqdim olunur.



Tamaşa sonrası layihənin rəhbəri Fərid Bağırov səhnəyə çıxaraq fikirlərini bölüşüb. O, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasətindən danışaraq, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin qorunmasının vacibliyini vurğulayıb. Fərid Bağırov ümummilli lider Heydər Əliyevin “Biz Şuşaya, Ağdama, Cəbrayıla qayıdacağıq” sözlərini xatırladıb və bu gün Azərbaycanın güclü, müstəqil dövlət kimi mövqeyinin möhkəmliyini qeyd edib.
Daha sonra quruluşçu rejissor Yaqut Bədəlova tamaşanın gedişatına və qəhrəmanların həyat hekayələrinə yanaşmasına dair fikirlərini səsləndirib.
Tamaşanın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.


