Bugun.tv xəbər verir ki, bu gün – 7 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında şairə Şəmsiyyə Vüsalın “Sözlərim şahidimdir” adlı kitabının təqdimat mərasimi keçirilib.
“Şəmsiyyə Vüsal” təxəllüsü ilə yaradıcılıq fəaliyyəti göstərən Əliyeva Şəmsiyyə Əmir qızı bu təxəllüsü 2016-cı ilin Aprel döyüşlərində şəhid olan qardaşı Vüsal Əliyev Əmir oğlunun xatirəsinə götürüb. “Sözlərim şahidimdir” kitabı da müəllifin şəhid qardaşına, eləcə də şəhidlərə və qazilərə həsr etdiyi şeir və hekayələrdən ibarətdir.
Tədbirdə şəhidlərin və qazilərin xatirəsi yad olunub
Təqdimat mərasimində şəhid anaları, müharibə veteranları, şairlər, yazıçılar və bədii qiraətçilər iştirak ediblər. Tədbir zamanı müəllifin yaradıcılığından nümunələr səsləndirilib, onun şeirləri ifa olunub.
Məlumatı Bugun.tv-yə çatdıran tədbirin təşkilatçısı və aparıcısı, şair, bədii qiraətçi, ictimai xadim Vətən müharibəsi veteranı, hərbi mütəxəssis Cəbrayıl Qənbər həmçinin bildirib ki, tədbirin məzmunu və keçirildiyi məkan da xüsusi məna daşıyıb. Şəhidlərə, qazilərə və Vətən mövzusuna həsr olunan kitabın təqdimatının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında keçirilməsi məqsədəuyğun hesab edilib.
Təqdimat mərasimi diskussiya və debat formatında davam edib, iştirakçılar kitab və müəllifin yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər.
