Bugun.tv xəbər verir ki, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ölkədə siyasi partiyaların fəaliyyətinin əvvəlki dövrlərlə müqayisədə zəifləməsinin səbəblərini açıqlayıb.
“Hafta.az”a müsahibəsində siyasi gündəmi dəyərləndirən Sərdar Cəlaloğlu bildirib ki, partiyaların ictimai-siyasi proseslərdə görünməməsinin bir sıra səbəbləri var. Onun sözlərinə görə, əsas amillərdən biri yeni siyasi reallıqlara uyğun qanunvericilik bazasının tam formalaşmamasıdır.
ADP sədri partiyaların maddi-texniki imkanlarının zəif olduğunu, cəmiyyətin siyasi təşkilatlanmaya marağının azaldığını və müstəqil media, qeyri-hökumət təşkilatları və ictimai təşəbbüslərin əvvəlki qədər fəal olmadığını deyib. O qeyd edib ki, əhalinin böyük hissəsi siyasətdən uzaq durmağa, sosial-iqtisadi problemlərinin həllini fərdi yollarla axtarmağa üstünlük verir.
Cəlaloğlu müxalif partiyalar arasında əməkdaşlığın əsas məsələ olmadığını düşünür. Onun fikrincə, siyasi qüvvələrin əsas diqqəti öz təşkilatlarını gücləndirməyə, nüfuzlarını artırmağa və cəmiyyətlə əlaqələri genişləndirməyə yönəlməlidir.
ADP sədri son dövrdə tarixi şəxsiyyətlərlə bağlı müzakirələrə də münasibət bildirib. O hesab edir ki, tarixə müraciət təbii prosesdir və tarixi şəxsiyyətlər yaşadıqları dövrün şərtləri nəzərə alınmaqla qiymətləndirilməlidir. Cəlaloğlu Koroğlu, Qaçaq Nəbi, Babək və digər tarixi obrazların milli yaddaş və ictimai dəyərlər baxımından araşdırılmasının vacib olduğunu vurğulayıb.
Sərdar Cəlaloğlu Azərbaycanın gələcək siyasi gündəmini isə əsasən beynəlxalq proseslərin və yeni dünya nizamının formalaşmasının müəyyən edəcəyini bildirib. Onun sözlərinə görə, qlobal dəyişikliklər Azərbaycanın gələcək inkişaf istiqamətinə də ciddi təsir göstərə bilər.
Mənbə: Hafta.az
