Səudiyyə Ərəbistanının Nefud səhrasında yerləşən Əlatar bölgəsində aparılan araşdırmalar zamanı təxminən 120 min il əvvələ aid insan ayaq izləri aşkar edilib.
Alimlər hesab edirlər ki, bu tapıntı Ərəbistan yarımadasında müasir insanın – Homo sapiensin mövcudluğunu təsdiqləyən ən qədim sübutlardan biridir.
“Science Advances” jurnalında dərc olunan araşdırmaya görə, hazırda quraq səhra olan ərazi minlərlə il əvvəl göllərlə, zəngin bitki örtüyü və müxtəlif heyvan növləri ilə əhatələnmiş “Yaşıl Ərəbistan” dövrünün bir hissəsi olub.
Tədqiqatçılar həmin dövrdə bölgənin Afrikadan köç edən insanlar və heyvanlar üçün mühüm keçid marşrutu rolunu oynadığını bildirirlər.
Araşdırma zamanı insan izləri ilə yanaşı, qədim fillər, atlar və dəvələrə aid yüzlərlə ayaq izi də aşkarlanıb. Daş alətlərin tapılmaması isə insanların göl sahilindən daimi yaşayış məskəni kimi deyil, qısa müddətli dayanacaq və su mənbəyi kimi istifadə etdiklərini göstərir.
Mənbə: Ensonhaber
