Bugun.tv xəbər verir ki, Küveyt və Səudiyyə Ərəbistanı Fars körfəzindəki Durra qaz yatağının da daxil olduğu bölünmüş neytral zona kimi tanınan ərazinin iki ölkənin yeganə mülkü olduğunu bildirib.
Küveyt və Səudiyyə Ərəbistanı xarici işlər nazirliklərinin birgə bəyanatında sözügedən bölgənin sərvətlərindən istifadə hüquqlarının tamamilə iki ölkəyə aid olduğu qeyd edilib.
“Beynəlxalq hüquqa və mehriban qonşuluq münasibətlərinə uyğun olaraq, Küveyt və Səudiyyə Ərəbistanı İranı bölünmüş bölgənin şərq sərhədi ilə bağlı danışıqlara çağırır”, – bəyanatda bildirilir.
İranın neft naziri Cavad Ovci Nazirlər Kabinetinin iclasından sonra mətbuata verdiyi açıqlamada Fars körfəzindəki Ərəş/Durra qaz yatağı ilə bağlı Küveytlə birgə işləməyə hazır olduqlarını deyib.
Müxbir: İntizar Əmirova