Bugun.tv xəbər verir ki, Mingəçevir Dövlət Dram Teatrının tanınmış aktrisası İbrahimova Elmira 2022-ci il dekabrın 20-də, ömrünün 66-ci ilində dünyasını dəyişib.
Qeyd edək ki, İbrahimova Elmira Məhəmmədəli qızı 1957-ci il oktyabrın 3-də Yevlax rayonunun Tanrıqulular kəndində anadan olub.1975-ci ildə Yevlax rayonunun Tanrıqulular kənd orta məktəbini bitirib. 2003-cü ildən etibarən Mingəçevir Dövlət Dram Teatrında aktrisa vəzifəsində işləməyə başlayıb.
Teatr səhnəsində ilk obrazı Novruz bayramı şənlikləri üçün hazırlanan tamaşada “Küpəgirən qarı” obrazı olub. Səhnədə o, respublikanın xalq artisti Ella Yaqubova, mərhum əməkdar artist Nisə Rzayeva, həmçinin İsa Alimov, İldırım Cabbar, Zülfi Məmmədov, Afət Əliyeva ilə uğurlu çıxışlara imza atıb.
Sonrakı illərdə “Eşq və intiqam” da Xalisə, “Məhv olmuş gündəliklər” də Ana, “Ağıllı dovşan” da Bayquş, “Məkrli məhəbbət” də Nazirin qızı, “Min bir gecə” də Hərəm ağası, “Müfəttiş” də Anna Andreyevna, “Bir eşqin nəticəsi” də Maral xanım, “Sərgüzəşti – vəziri – xani – Lənkəran” da Ziba xanım, “Nənələr ərə gedir” də Sərvinaz, “Subaylarınızdan görəsiniz” də Səlimə və digər obrazları aktrisanın maraqla baxılan obrazlarındandır.
Elmira İbrahimovanın aktrisa yaradıcılığı, səhnədə canlandırdığı, təbiiliyi və inandırıcılığı ilə səciyyələnən rəngarəng xarakterli obrazları onu geniş tamaşaçı auditoriyasına sevdirmişdi.
İstedadlı aktrisa, qayğıkeş və səmimi insan Elmira Məhəmmədəli qızı İbrahimovanın xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Biz də, mərhumun doğmalarına, əzizlərinə, yaxınlarına , həmkarlarına dərin hüznlə başsağlığı verir, kədərlərini, acılarını bölüşürük.
Allah rəhmət eləsin!