Bugun.tv xəbər verir ki, tanınmış jurnalist, “Muz Tv Azərbaycan” kanalının redaktoru Könül Aypara taksidə yanmaqdan qurtulub. Hadisə Yasamal rayonunda baş verib.

Bu barədə o, facebook hesabındakı paylaşımında bildirib. “Taksi şirkəti “Bolt”a sifariş verdim. Yolda avtomobilin kondisioneri tüstülənməyə başladı. Yaxın məsafəni qoyub uzaq yolla sürən sürücüyə bir-iki dəfə yanıq iyinin gəldiyini bildirsəm də, “heç bir şey yoxdur, narahat olmayın”, – deyə arxayın sürməyə davam etdi. Və anidən şitdən qalxan qara tüstü salonu bürüdü”.
K.Ayparanın sözlərinə görə, dəfələrlə, sürücüdən saxlamağını tələb etsə də, o buna məhəl qoymayıb. “Taksinin işıqforda saxlamağından istifadə edib düşdüm. Çox güman ki, onda vəziyyətin gərginliyini anladı sürücü düşüb maşına baxdı. “Akkumlyatoru təcili ayır!” – deyib kənara çəkildim. Maşının ön hissəsi alışıb, yanmağa başladı”.

Bundan sonra yolda saxlayan maşınlardan düşən sürücülər tez özlərini köməyə yetiriblər. Yaxınlıqdakı gül dükanından gətirdikləri suyu yanan maşına töküblər. Sonra jurnalist Fövqəladə Hallar Nazirliyinə zəng edib.

“Birtəhər vəziyyətdən çıxdıq. Yəni ikimiz də sağ qala bildik. O an hər zaman həmrəy olan xalqımla bir daha fəxr etdim”, – deyə minnətdarlığını bildirən Könül Aypara, “Bolt” taksi şirkətinə iradlarını çatdırıb.