Bugun.tv xəbər verir ki, teleaparıcı-jurnalist, “Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Günel Gözəlova Media Tədris Mərkəzinin tələbələrinə təlim keçib.
“Yeni media mühiti: Müasir televiziyada aparıcı kimdir və hansı kriteriyalara cavab verməlidir?” mövzusunda keçirilən təlimdə tanınmış və peşəkar aparıcı şəxsi təcrübəsini bölüşüb, eyni zamanda nəzəri biliklərini tələbələrə aşılayıb. Müasir dövrdə aparıcının səhvləri, efir etikasını tapdamasının şou kimi qəbul edildiyini vurğulayan telejurnalist, problemlərdən də danışıb.
“Uzun zamandır Azərbaycan televiziyalarındakı nöqsanlı hallar, aparıcıların qeyri-peşəkar davranışları və xüsusilə nitqləri narazılıqla qarşılanır. Çoxları bu kimi neqativ halların səbəbini aparıcıların savadsızlığı ilə əlqələndirsə də günahı televiziya rəhbərliyində axtaranlar da az deyil. Bəs aparıcı hansısa meyarlara cavab verməlidir? Aparıcı təqdim etdiyi verilişin formatına uyğun olmalıdır və bü fiziki görünüşündən tutmuş İQ səviyyəsinə, dünya görünüşünə qədər tamamlanmalıdır. Azərbaycan teleməkanına cavabdeh şəxlsər anlamalıdır ki, təqdim etdikləri insan nəinki onların, bütövlükcə cəmiyyətin, millətin simasıdır. Yəni, aparıcı mütləq mənada jurnalistikaya bələd, təhsilli, dünyagörüşlü, məlumatlı olmalıdır. Təəssüf ki, bizdə bu prosesə çox səthi baxırlar. Məsələn, şou aparıcıları var ki, onlar nə jurnalistdir, nə aparıcı. Azərbaycan teleməkanında toyxanada tədbir aparanlarla, milyonlar qarşısına çıxıb cəmiyyəti maarifləndirməyi eyni anlayış olaraq qəbul ediblər artıq. Çünki onların məqsədi izləyicini maarifləndirmək deyil, bəsit formada əyləndirməkdir. Amma jurnalistikada, istənilən formatda aparıcı anlayışı, yəni məlumatlandırma ilə bağlı olan sahə çox ciddi məsuliyyət tələb edir,hətta əyləndirərək maarifləndirmək aparıcının əsas məqsədidir, peşə borcudur”, – G.Gözəlova vurğulayıb.
O, bildirib ki, aparıcının dili, üslubu səlis, anlaşıqlı olmalıdır. Televiziyada xəbərlər, tolk-şou, əyləncə. proqramların aparıcılarına diqqqət çəkən təlimçi bu sırada ən ciddi və məsuliyyətli yerlərdən birini xəbər proqramlarının aparıcılarının tutduğunu deyib. “Bizim dövrümüzdə bu aparıcılar cəmiyyətdə tanınan, ictimai rəydə olan peşəkar jurnalistlər idi daha çox və əslində belə də olmalıdır.. Televiziyada hər bir proqramın xüsusi tamaşaçı auditoriyası olduğu halda, informasiya proqramlarına bütün cəmiyyətin marağı var. Xəbər aparıcısı informasiya proqramının sahibidir. Prioritet xəbərin müəyyən edilməsindən tutmuş xəbərlərarası anons və təqdimatlara qədər cavabdehlik daşıyır. Tolk-şou aparıcısı diqqət və maraqla dinləməyi, səmimi şəkildə heyrətlənməyi və biliyi, operativ sualları mövzunu maraqlı təqdim etməyi bacarmalıdır”, – QHT sədri əlavə edib.
Sonra G.Gözəlova Media Tədris Mərkəzinin tələbələrini maraqlandıran sualları cavablandırıb. Onlarla xatirə fotosu çəkdirib.