Laçının adı yalnız coğrafiyada yox, hər azərbaycanlının qəlbində yazılıb. Tariximizdə elə günlər var ki, onları unutmaq xəyanətdir.
18 may 1992-ci il — Laçının işğal günü.
O gün körpə səsi deyil, top səsi eşidildi. Ağ saçlı analar didərgin, uşaqlar yurd həsrətli oldu. Laçın – Qarabağın can damarı – düşmənin tapdağı altında qaldı. O gün bizdən təkcə torpaq deyil, Laçına gedən yol da alındı.
30 ilə yaxın müddətdə Laçın bir yaraya çevrildi – qaysaqlamayan, daim sızlayan bir yara. Amma xalq susmadı. Vətən unudulmadı. Hər kəs qəlbində bir qayıdış xəritəsi çəkdi.
Artıq nə qartal olub səmalarında qanad çalmağa, nə bulaq olub torpağında axmağa, nə də yağış kimi düzlərinə səpələnməyə ehtiyac var. Çünki sən azadsan. Biz də azadıq — burdayıq, səninləyik!
Bəli, Laçının işğalından artıq illər keçmir. Bu illər ərzində o, yaddaşımızda bir yara kimi qaldı. Amma şanlı Azərbaycan Ordusu bu işğal tarixini 44 gün davam edən Vətən müharibəsi ilə sonlandırdı. Ordumuz cəsarətlə, inamla, əzmlə döyüşdü. Onun gücü qarşısında düşmən geri çəkilməyə məcbur oldu. Ağdam və Kəlbəcər kimi Laçın da bir güllə atılmadan geri qaytarıldı.
Laçın – Azərbaycanın təbiət incisi.
Uca dağlar, saf bulaqlar, zəngin meşələr və dumanlı yaylalar bu torpağın ruhudur. Ana təbiət bu diyara hər gözəlliyi bəxş edib. Lakin illərlə bu gözəlliklərdən uzaq düşmüşdük.
Nəhayət, 2020-ci ildə ədalət zəfər çaldı!
Şuşanın azad edilməsindən sonra Laçının Güləbird, Səfiyan, Türklər kəndləri də düşməndən təmizləndi. Ardınca imzalanan 10 noyabr tarixli Bəyanatla Ermənistan kapitulyasiyaya imza atdı və dekabrın 1-də Laçın Azərbaycana qaytarıldı.
26 avqust 2022-ci il– tarix dəyişdi. Laçın, Qarabağ atəşkəs bəyanatı əsasında yenidən Azərbaycanın nəzarətinə keçdi.
27 may 2023-cü ildə— ilk laçınlı ailələr öz doğma torpaqlarına döndü. Bu, yalnız bir köç deyil – bu, haqqın yerini tapması idi.
Bu gün Laçında yenidən həyat var:
– ucalan evlər,
– təzələnən məktəblər,
– dirçələn yollar,
– qürurla dalğalanan üçrəngli bayraq…
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və uzaqgörən siyasəti nəticəsində Laçın bir şəhid verilmədən geri qaytarıldı. Bu, təkcə siyasi deyil, tarixi və mənəvi qələbədir!
Artıq Laçınlılar doğma ocaqlarına dönür. Həsrət bitir, yurd qoxusu yenidən nəfəs alınır. Dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri də azad olunmuş ərazilərə Böyük Qayıdışı təmin etməkdir. Bu istiqamətdə görülən işlər – tikinti, bərpa, infrastruktur – hər gün bizi sabaha daha da yaxınlaşdırır.
Laçın artıq azaddır. Amma azad olmaq – unutmaq demək deyil.
Əksinə, bu azadlıq o günləri yaddaşda saxladığımız üçündür.
Şəhidlərimizi unutmuruq.
Qisasımız alınsa da, xatirəmiz silinməyəcək.
Laçın azaddır, çünki biz onu unutmadıq!
Bu gün hər 18 may bir and olmalıdır:
Biz torpağımıza yalnız güclə yox, yaddaşla da sahib çıxmalıyıq. Çünki unudulan tarix təkrarlanır, Yadda saxlanılan tarix isə millətə qələbə qazandırır.