24 C
Baku
20 İyul 2025, 3:51
Baş xəbərMədəniyyət

Tarixçilərimizin yazdığı kitab Rusiyada rezonans doğurub

Orenburq Regional Universal Elmi Kitabxanasında Azərbaycan tarixçilərinin ərsəyə gətirdiyi kitabın təqdimat mərasimi keçirilib. “Azərbaycanın faşizm üzərində Qələbəyə töhfəsi” adlı yeni nəşr hər kəsin marağına səbəb olub.

Müəlliflərdən Vəfa Quliyeva və Qənirə Pirquliyeva Bugun.tv-nin qonağı olub. Onlar kitabın ərsəyə gəlməsindən və Rusiyada keçirilən təqdimatından danışıblar.

V.Quliyeva deyir ki, onlar Azərbaycan diasporu ilə mütəmadi əməkdaşlıq edirlər.  Rusiyada fəaliyyət göstərən diaspor nümayəndələri ilk kitablarının çapında da kömək ediblər. Sonra onlardan Azərbaycanın Böyük Vətən Müharibəsi illərində faşizm üzərində qələbəyə verdiyi töhfələr haqqında rus oxucuları üçün bir kitab yazmaq təklifi gəlib. “Azərbaycanın faşizm uğrunda qələbəsi mövzusu bizə çox maraqlı gəldi. Çünki, xalqımızın bu müharibədə böyük qəhrəmanlığı, şücaəti olub. Cəbhəyə gedən tankların, təyyarələrin 90 faizi Azərbaycan nefti hesabına işləyirdi. Biz bunu göstərdik. Yəni Azərbaycan nefti olmasa idi, təbii ki, o qələbə də olmazdı, çünki o dövrdə SSR də faktiki olaraq başqa neft istehsalı yox idi”.

“Azərbaycanın faşizm üzərində Qələbəyə töhfəsi”ni böyük bir kollektiv 1 il ərzində ərsəyə gətirib. Burada Azərbaycan oğullarının qəhrəmanlığı, müharibə dövründə, yəni 1941-ci ildə 2 milyon yarımlıq Azərbaycan əhalisinin 700 000-nin cəbhəyə yola düşməsi, qadınların, qoca və uşaqların arxa cəbhədəki zəhməti əks olunub. “İgidlərimizin qəhrəmanlığını göstərdik. “SSR Qəhrəmanı” adı alan azərbaycanlıları, onların keçdiyi yolu, qəhrəmanlıqları haqqında hər birisinin ayrı ayrılıqda məllumatını topladıq. Azərbaycan həkimlərinin ön və arxa cəbhədəki əziyyəti də kitabda öz əksini tapıb. Bundan başqa partizan hərəkatında iştirakımız, azərbaycanlıların müqavimət hətəkatına qatılması və sair bu kimi faktlar var.  Sonda bu kitab çox yüksək səviyyədə, rus dilində nəşr olundu və yayıldı”.

Vəfa Quliyevanın sözlərinə görə, Rusiyada xalqımızın imicinə fikriklərin dəyişməsində bu kitabın böyük rolu olub. “Biz bunu təşkil olunan kitab təqdimatında da gördük. Onlar üçün elə bil Azərbaycan xalqının qəhrəmanlığı bir kəşf oldu. Bu kitabı oxuyanlar təəccübləndilər. “Bir çox tarixi faktları biz bilmirdik, bu kitabdan öyrəndik”, – deyə etiraf edənlər də oldu”.

Kitabın Orenbuqr şəhərindəki təqdimat mərasimindən danışan müəllif Qənirə Pirquliyevanın sözlərinə görə, tədbirə Azərbaycan diasporunun regional, milli muxtariyyat qrupunun rəhbəri Yaşar Məsimov tərəfindən dəvət alıblar. “Tədbirdə biz xeyli irəliləyişlər gördük. Azərbaycan diasporunun hörmətini hiss etdik. Şəhərin demək olar ki, idarəetməsini həyata keçirən əsas insanlar – qubernatorun müavinindən tutmuş, hamısı böyük hörmətlə təqdimat mərasiminə qatıldılar. Bundan başqa deputatlar, yerli dumanın nümayəndələri, Orenburq Dövlət Universiteti, Dövlət Pedoqoji Universitetin professor, məllim heyəti və tələbələri də tədbirdə iştirak edirdilər”.

Təqdimatdan sonra kitab böyük rezanans doğurur. İmza mərasimi keçirilir. Yerli mətbuat tədbiri geniş şəkildə işıqlandırır. “Orada olduğumuz zamanı bizə böyük hörmətlə  yanaşdılar. Bir naməlum əsgərin qəbrini ziyarət etdik. Böyük vətən müharibəsində həlak olan insanların məzarlığında olduq. Biz də azərbaycanlılar adından gül qoyduq. Çox maraqlıdır ki, orada şəxsən mənim başqa ölkələrdə görmədiyim “Yaddaş evi” adında bir abidə var idi. Dairəvi bir binada, kiçik bir muzey… O binanın cəmi 2-3 işçisi vardı. Burada balaca ekspozisiya yaradılıb. Müharibə illərində bütün xalqların göstərmiş olduqları qəhrəmanlıqlar haqqında eksponatlar qoyulub və orada gənc nəsil arasında təbliğat işləri aparılır. Bu mənim üçün yenilik idi”.

Q.Pirquliyeva deyir ki, təqdimatda Azərbaycan diasporunun başqa şəhərlərindən gələn nümayəndələri ilə müzakirələr aparıblar. “Xeyli söhbət etdik. Vətəndə və qürbətdə yaşayan azərbaycanlılar arasında dialoq nəticəsində mən bu nəticəyə gəldim ki, insanlar hərəsi bir səbəbdən vətəni tərk edib gediblər. Yaşayırlar, işlər görürlər, bununla yanaşı onların bizlə bağlılığı yüksək səviyyədədir. Bu çox önəmli faktordur. Yəni dünya xalqlarının miqrasiyası hər zaman olub, bu gün də var və daha da sürətlidir. Bu miqrasiyalar nəticəsində o xalqların nümayəndələri arasında olduqları yerdə xalqa uyğunlaşanlar da var, mədəniyyətlərini, dillərini, ədəbiyyatlarını qoruyub saxlamağı bacaranlar da… Biz bu ikinci kategoriyaya aid olan bir xalqıq. Bunu da oradaki azərbaycanlılar sevə-sevə görürlər”.

Qənirə Pirquliyeva kitab tədimatından bir neçə gün sonra ermənilərin sosial şəbəkə üzərindən bir paylaşmına rast gəldiyini deyir. “Bu növbəti erməni təxribatı idi. Şəxsən izlədim. Bizim hazırladığımız kitabın mövzusunda və adında veriliş çəkib yerləşdiriblər. Demək bunların kitabdan xəbərləri var, oxuyublar və bizim bu kitabda hörmətli müəlliflərimizin yazdıqları bir səhifə var. Orada göstərilib ki, 1942-ci ildə Xankəndi şəhərində yaradılan milli diviziyanın bütün iştirakçıları azərbaycanlılar olub. Başda da azərbaycanlı zabit olmaqla, 244-cü diviziya Xankəndində formalaşdırılıb. Qarabağ bölgəsindən olan əsgərlər və zabitlər ora daxil olublar. Ermənilərin YouTube-a qoyduqları verlişdə isə həmin azərbaycanlıların ad, soyadları çəkilmədən deyirlər ki, Artsaxda formalaşdırılan bu diviziyanın müharibədə böyük rolu olub. Bu onların çox həyasızcasına səsləndirdiyi, növbəti, əsassız iddia idi”.

Qeyd edək ki, “Azərbaycanın faşizm üzərində Qələbəyə töhfəsi”i kitabı   Rusiyanın ali təhsil ocaqlarında da tədris olunacaq.

Sonda müəlliflər Bugun.tv vasitəsi ilə kitabın ərsəyə gəlməsində və təqdimatında əməyi olan hər kəsə dərin təşəkkürlərini bildiriblər.

 

Müxbir: Qaytən Qasımzadə, operator Salman Salmanov

 

Bugün TV

Oxşar xəbərlər

609 mina, 469 ədəd hərbi sursat zərərsizləşdirilib

Aynur Camal

Təşkilat liderləri hədəfdədir!

Aynur Camal

1941-1945-ci illəri əhatə edən 200.000 səhifəlik sovet qəzetləri toplusu internetdə işıq üzü görüb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu