7 C
Baku
23 Dekabr 2024, 14:04
Siyasət

Tarixi Zəfərimiz gələcəyimizə işıq saçır və bütün Türk dünyasına sirayət edir

2021-ci ilin iyununda qardaş Türkiyənin Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlmişdi. Füzuli Beynəlxalq Hava Limanında ilk dəfə rəsmi qarşılanma törəni keçirilmişdi. O səfər çərçivəsində “Şuşa Bəyannaməsi” imzalanmışdı. Qeyd etməliyik ki, Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu tarixi anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Bəyannamənin Şuşada imzalanması da rəmzi xarakter daşıyırdı. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur.

Füzuliyə uçuş, orada rəsmi qarşılanma kimi Şuşada imzalanan sənəd də bir ilk idi! Rəcəb Tayyib Ərdoğanla İlham Əliyev birgə bir çox ilklərə imza atıb. Azərbaycanla Türkiyənin qardaşlığı tarixin sınaqlarından çıxıb, sarsılmazdır, bununla belə Ərdoğan–Əliyev birliyi, qardaşlıq və dostluğu fövqəladə dərəcədə önəmli və örnəkdir.

44 günlük II Qarabağ müharibəsində Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana verdiyi güclü siyasi dəstək, səsləndirdiyi möhtəşəm bəyanatlar həm qardaşlıq tariximizə, həm də ümumən tarixə qızıl hərflərlə yazılıb! Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək. Müdafiə və müdafiə sənayesi sahələrində gələcək əməkdaşlıq planları olduqca genişdir.

Öz hərbi gücümüzlə, şəhidlərimizin, qazilərimizin qeyri-adi qəhrəmanlığı, yenilməz Azərbaycan Ordusunun şücaəti və dövlət-xalq birliyi ilə torpaqlarımızı işğaldan azad edən bizlə, qardaş ölkənin mənəvi, siyasi, diplomatik və informasiya dəstəyini minnətdarlıqla vurğulayırıq. Türkiyə Cümhuriyyətinin dəstəyi müharibənin seyrinə – hadisələrin gedişatına kənardan müdaxilənin qarşısını aldı. Yəni minbir məkrli qüvvələrin Ermənistana açıq-gizli dəstəyi, Azərbaycanın qarşısını kəsənlərin “əməy”ini sıfırlamış oldu.

Heç təsadüfi deyil ki, ikinci Qarabağ müharibəsində əldə edilən tarixi Zəfər qazanıldığı yerdə və tarixdə qalmayıb, bugünümüzdə iştirak edir, gələcəyimizə işıq salır və bütün Türk dünyasına sirayət edir. Bizim tarixi Zəfərimizdən sonra, vurğuladığımız kimi, Azərbaycanla Türkiyə arasında “Şuşa Bəyannaməsi”nin imzalanması, Azərbaycanla Türkmənistan arasında bizim “Kəpəz”, onların “Sərdar” dediyi yeni adı ilə “Dostluq” yatağı üzrə Anlaşmanın imzalanması, Özbəkistanla Qırğız Respublikası arasında su hövzələri, otlaqlar və s. üzrə anlaşma yaranması, Özbəkistan-Türkiyə, Özbəkistan-Azərbaycan, Qazaxıstan-Azərbaycan, Qazaxıstan-Türkiyə, Qırğız Respublikası-Azərbaycan, Qırğız Respublikası-Türkiyə münasibətlərinin yeni faza, yeni üfüq qazanması danılmaz faktdır. Danılmaz faktdır ki, Türk Dövlətləri Təşkilatı bizim tarixi Zəfərin 1-ci ildönümündən az sonra (12 noyabr 2021) yarandı.

Artıq türk ölkələri arasındakı birliyin daha yüksək səviyyəyə qalxması baxımından önəmli addımlar atılır. İmzalanmış yeni ikitərəfli, çoxtərəfli sənədlər SSRİ-dən çıxmış türk dövlətlərinin müstəqilliyini gücləndirir. Vurğuladığımız məqamlar hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini də əhatə edir. İnanırıq ki, Azərbaycanın tarixi Zəfəri ilə yaranmış yeni gerçəkliklər fonunda Rəcəb Tayyib Ərdoğanın Azərbaycana yeni səfəri, bu səfərin sonucları yeni geosiyasi, geoiqtisadi münasibətlərə önəmli töhfə olacaq. Azərbaycanla Türkiyənin apardığı siyasət bölgədə sabitliyin, ədalətli sülhün qərarlaşması, xalqların birgəyaşayışına, mehriban qonşuluğuna, əmin-amanlığına xidmət edir.

Bugünkü dünyada güc amili ön plana çıxır. Beynəlxalq hüquq çalışmır. Biz bunu 30 illik işğal dönəmində görmüşdük və aparılan müzakirələr, danışıqlar heç bir nəticəyə gətirib çıxarmadı, nəticəyə gətirib çıxaran bizim gücümüz oldu.

Azərbaycan və Türkiyə arasında icarət dövriyyəsi sürətlə artır. Azərbaycandan Türkiyəyə təbii qazın ixracı ildən-ilə artır və bundan sonra da artacaq. Türkiyə ərazisindən Avropa ölkələrinə də Azərbaycanın qaz ixracı artmaqdadır. Enerji sahəsində bizim işimiz təbii qaz məsələsi ilə məhdudlaşmır. Bərpaolunan enerji növləri üzrə əməkdaşlığın böyük perspektivləri var. Bu gün həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi sahələrində də fəal əməkdaşlıq əlaqələri mövcuddur.

İndiki geosiyasi şəraitdə Orta Dəhlizin önəmi daha da artır. Azərbaycan ərazisindən, yəni, Xəzər dənizi ilə daşınan yüklərin həcmi ildən-ilə artmaqdadır. Ona görə Azərbaycanda nəqliyyat və logistika imkanları genişlənir. Bakı Dəniz Limanının imkanları 25 milyon tona qədər artır. Dəmir yolu, Gəmiqayırma zavodu və digər nəqliyyat infrastrukturu ən müasir səviyyəyə gətirilir.

Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Bu istiqamətdə birgə səylərin sayı artırılacaqdır. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək. Hazırda Qarabağda aparılan sürətli və keyfiyyətli yenidənqurma, təmir-bərpa işlərində də Türkiyə yaxından iştirak edir, hər zaman olduğu kimi, öz sadiq qardaşı Azərbaycanla həmrəyliyini nümayiş etdirir. Ayrıca, Özbəkistan Qarabağ torpaqlarına insanlığın, mədəniyyətin, həyatın, parlaq gələcəyin qayıtması adına böyük məktəb, Qazaxıstan isə Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi tikir. İnanırıq ki, hər şey daha yaxşı olacaq.

Bugün TV

Oxşar xəbərlər

Zəfər günün mübarək, Azərbaycan!

İntizar Əmirova

S.Şoyqu: “Yüksək dəqiqlikli silahların istehsalı iki dəfə artırılsın”

Aynur Camal

“Ankara Ukraynadakı münaqişənin tezliklə dayandırılmasının tərəfdarıdır”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu