Bugun.tv xəbər verir ki, Çampi tayfununun yaxınlaşması səbəbindən Tayvanda genişmiqyaslı təhlükəsizlik tədbirləri görülüb. Güclü külək və leysan yağışları təhlükəsi ilə əlaqədar ölkədə yüzlərlə aviareys ləğv edilib, bərə səfərlərinin bir hissəsi dayandırılıb.
Reuters-in oktyabrın 23-də yaydığı məlumata görə, tayfunun təsirləri ilə əlaqədar 262 daxili və 717 beynəlxalq aviareys olmaqla, ümumilikdə 979 uçuşun ləğv edildiyi bildirilib. Tayvanın Mülki Aviasiya Administrasiyasının məlumatına əsasən, uçuşlarla bağlı məhdudiyyətlər sərnişin və yük daşımalarına təsir göstərib.
Tayfun zəifləsə də, təhlükə qalır
Meteoroloqların məlumatına görə, Çampi əvvəlcə Sakit okeanda güclü supertayfun səviyyəsinə çatıb, daha sonra isə zəifləyib. Buna baxmayaraq, fırtına mərkəzinin yaxınlığında küləyin sürəti saatda 191 kilometrə çatan güclü külək əsintiləri qeydə alınıb.
Tayfunun birbaşa Tayvan ərazisinə çatması gözlənilməsə də, geniş təsir dairəsi səbəbindən güclü yağışların və küləyin təhlükəli vəziyyət yarada biləcəyi bildirilib.
Hava şəraiti ilə əlaqədar Tayvanda məktəblərin və bir sıra müəssisələrin fəaliyyəti dayandırılıb, maliyyə bazarları da bağlanıb. Sərnişinlərə hava limanına yola düşməzdən əvvəl uçuşlarının vəziyyətini aviaşirkətlərdən dəqiqləşdirmək tövsiyə olunub.
Proqnozlara görə, tayfun Tayvanın şimal-şərqindən keçərək Çin sahilləri istiqamətində hərəkət edə, daha sonra isə Yaponiyanın cənubuna yönələ bilər.
Mənbə: Reuters
