Telefonun ixtirası insanlıq tarixində ünsiyyət sahəsində əsl inqilaba səbəb olub. Bu texnologiya uzaq məsafədə olan insanları ilk dəfə olaraq bir-biri ilə real vaxtda səsli danışıq vasitəsilə birləşdirmək imkanı yaradıb. Bu gün adi qəbul etdiyimiz bu cihaz, əslində zamanında bəşəriyyətin həyat tərzini köklü şəkildə dəyişib. Lakin bu texnoloji irəliləyişin arxasında kimin dayandığı məsələsi illərdir müzakirə mövzusudur.
Telefonun ilk ixtiraçısı kim olub?
Bu sual ətrafında tarix boyu müxtəlif iddialar və araşdırmalar ortaya çıxıb.
Rəsmi olaraq tanınan ixtiraçı: Alexander Graham Bell 1876-cı il mart ayında Alexander Graham Bell telefonun patentini alaraq, cihazın rəsmi ixtiraçısı kimi tarixə düşdü. O, ilk səsli mesajı “Mr. Watson, come here, I want to see you” cümləsi ilə öz assistentinə göndərdi. Bell, bu patentlə təsdiqlədi ki, elektrik siqnalı vasitəsilə səsi bir məsafədən başqasına ötürmək texnologiyasını ilk olaraq o reallaşdırıb.
Patent döyüşü: Elisha Gray
Amma tarixin maraqlı paradokslarından biri odur ki, Bell patent ərizəsini verdiyi 14 fevral 1876-cı il tarixində, başqa bir amerikalı ixtiraçı olan Elisha Gray də oxşar bir ixtiranın sxemini patent ofisinə təqdim etmişdi.
Aradaki fərq sadəcə bir neçə saat idi. Bellin ərizəsi Gray-dən birinci qeydə alındı və bu, onun qalib gəlməsinə səbəb oldu. Daha sonra Gray Bellə qarşı iddia qaldırdı ki, Bell onun sxemlərindən yararlanıb. Lakin məhkəmə bu iddianı rədd etdi. Buna baxmayaraq, tarixçilər və texnologiya tarixini araşdıran tədqiqatçılar bu hadisənin ədalətli olub-olmadığını bu gün də sual altına alır.
Unudulan ixtiraçı:
Antonio MeucciƏlbəttə, ən maraqlı fakt ondan ibarətdir ki, əslində telefonu ilk ixtira edən insan Bell deyil. İtaliyan mühəndis Antonio Meucci, daha 1854-cü ildə səs siqnallarını naqillər vasitəsilə bir otaqdan başqasına ötürə bilən cihaz hazırlamışdı. O, bu cihazına “telettrofono” adını vermişdi.
Meucci, kasıblıqdan əziyyət çəkirdi və ixtirasını patentlədə bilmədi. O, sadəcə patent üçün müvvəqəti qoruq (caveat) qeydiyyatı etdirmişdi, lakin bu da maddi çatışmazlıq səbəbilə vaxtında yenilənmədi və rədd edildi. Daha da maraqlısı odur ki, Meuccinin cihazına dair bütün texniki sənədlər “New York Telegraph Company”nin laboratoriyasında sirli şəkildə yoxa çıxdı. Bu laboratoriya Bellin əlaqəli olduğu şirkətlər də daxil olmaqla bir çox araşdırmalara ev sahibliyi edirdi.
Meuccinin adı uzun illər tarix kitablarından silindi. Lakin 2002-ci ildə Amerika Birləşmiş Şetatlarının Konqresi rəsmən bildirdi ki:
“Antonio Meucci, praktiki olaraq telefonun əsl ixtiraçısı hesab edilməlidir”.
Bu, Bellin adını tarixdən silməsə də, Meuccinin uzun illər sonra haqqının qismən bərpa olunması deməkdir.
Tarix bəzən qalibləri faktlara deyil, kimin daha tez, daha çox resursla hərəkət etdiyinə görə yazır. Bell texnologiyanı yaydı, şirkətlər qurdu, patenti aldı. Gray ideya baxımından ona yaxın idi, amma gecikdi. Meuccinin ixtirası isə haqsızlıqların, yoxsulluğun və siyasi göz yumulmaların qurbanı oldu.
Bu araşdırma bizə xatırladır ki, tarix dəyişkəndir və bəzən haqq gec gəlsə də, gəlir. Şəffaf araşdırma, alternativ baxışlar və təkrar qiymətləndirmə tarixin ədələtini qismən bərpa edir.
Beləliklə, əgər kimdənsə soruşsalar “telefonu kim ixtira edib?” – cavab sadəcə Bell deyil. Bu, Meucci, Gray və Bell arasındakı mübarizə, tale və zaman yarışı idi.
Mənbə: Patrul.az