Bugun.tv-xəbər verir ki, BMT-nin Terrorla Mübarizə İdarəsinin təşkilatçılığı ilə keçirilən “Terrorizmə qarşı mübarizə və zorakı ekstremizmin qarşısının alınması” mövzusunda keçirilən beynəlxalq konfrans bu gün rəsmi olaraq öz işinə başlayıb.
Bu barədə Milli Məclisin deputatı Ceyhun Məmmədov öz sosial media hesabında paylaşım edərək bildirib ki, Türkiyəyə səfərim çərçivəsində İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının nümayəndə heyətinin tərkibində ölkəmizi təmsil etməkdən böyük qürur hissi duyuram.
“Konfransda bir sıra ölkələrin parlament nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və təhlükəsizlik sahəsində tanınmış ekspertlər iştirak edir. Müzakirələr zamanı qlobal miqyasda artmaqda olan terrorizm, radikalizm və zorakı ekstremizm kimi təhdidlərə qarşı birgə mübarizənin əhəmiyyəti vurğulanır, bu istiqamətdə effektiv beynəlxalq əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi məsələləri də diqqət mərkəzindədir” – deyə C. Məmmədov vurğulayıb.
Qeyd edək ki, konfransda Türkiyənin parlament sədri Numan Qurtulmuş, Qətər Dövlətinin Parlament sədri və digər ölkələrin parlament üzvləri çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bildiriblər.
“Azərbaycanın bu kimi beynəlxalq tədbirlərdə fəal iştirakı, ölkəmizin sülhün, təhlükəsizliyin və dini tolerantlığın təşviqi istiqamətində apardığı siyasətin dünya miqyasında yüksək qiymətləndirildiyini bir daha göstərir. Azərbaycanın terrorizmə qarşı mübarizə sahəsində qazandığı təcrübə, xüsusən də Qarabağda və regionda sülhün bərqərar olması yönündə atdığı addımlar, digər dövlətlər üçün də nümunə kimi təqdim olunur. Bu konfrans bir daha sübut edir ki, Azərbaycan sülhün, dialoqun və beynəlxalq təhlükəsizliyin etibarlı tərəfdaşıdır” – deyə deputat Ceyhun Məmmədov paylaşımında bildirib.