24 C
Baku
19 İyul 2025, 9:13
Baş xəbərSosial

TİKA-dan görmə məhdudiyyətli Qarabağ qaziləri üçün “ağıllı ağac” dəstəyi – FOTOLAR

Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “YAŞAT” Fondu və Azərbaycan Gözdən Əlillər Cəmiyyəti ilə birgə həyata keçirdiyi layihə çərçivəsində Qarabağ qaziləri başda olmaqla, ümumilikdə 30 nəfər görmə məhdudiyyətli vətəndaşa Türkiyədə istehsal olunan “ağıllı ağac”lar təqdim edib.

Bakıda təşkil olunan təhvil-təslim mərasimində iştirak edən Türkiyənin Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgün bu təşəbbüsün Qarabağ müharibəsi dövründə Türkiyə və Azərbaycanın hərtərəfli əməkdaşlığının davamı olduğunu bildirib:

“Vətən uğrunda canını fəda edən şəhidlərimizin yaxınları və qazilərimiz üçün əlimizdən gələn hər şeyi etmək bizim borcumuzdur. Hər zaman onların yanındayıq,” – deyə səfir vurğulayıb.

YAŞAT Fondunun rəhbəri, eyni zamanda Qarabağ qazisi olan Elvin Hüseynov çıxışında qazilərin sosial rifahının yüksəldilməsinin prioritet olduğunu qeyd edərək, TİKA-nın bu layihədəki rolunun çox dəyərli olduğunu bildirib.

Qarabağ qaziləri adından çıxış edən Vasif Allahverdiyev isə göstərilən dəstəyə görə Türkiyəyə və TİKA-ya təşəkkür edib: “Biz iki dövlət bir olduqca, heç bir güc bizə qarşı dayana bilməz,” – deyə o qeyd edib.

TİKA-nın Bakı Proqram Koordinatoru Hayrettin Özçelik isə layihənin fərqli tərəfinə diqqət çəkərək bildirib ki, təqdim edilən “ağıllı ağac”lar görmə məhdudiyyətli şəxslər üçün xüsusi olaraq Türkiyədə, yenə görmə məhdudiyyətli mütəxəssislərin iştirakı ilə hazırlanıb. Bu cihazlar ağıllı telefonla əlaqəli, naviqasiya və səsli yönləndirmə funksiyalarına malikdir, 12 dildə işləyə bilir və innovativ xüsusiyyətləri ilə fərqlənir.

Layihə çərçivəsində təqdim edilən bu texnoloji cihazların Qarabağ qazilərinin və digər görmə məhdudiyyətli şəxslərin gündəlik həyatını asanlaşdırması hədəflənir.

Mənbə: Ulusal.Az

Aynur Camal

Oxşar xəbərlər

Almaniyada leysan yağışlar və daşqınlar səbəbindən vətəndaşlar evlərindən təxliyə edildi

İntizar Əmirova

Tropik “Trami” qasırğasında ölənlərin sayı 116-ya çatıb

Aynur Camal

Vəzifəli şəxsə cinayət işi açıldı

Könül Kərimova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu