Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın Ukraynaya “Tomaqavk” raketləri verəcəyi təqdirdə gərginliyin yeni səviyyəyə qalxacağını bildirib. Rusiya prezidenti Vladimir Putin də analoji açıqlamalar verib.
Kremlin sözçüsü Dmitri Peskov da cari məsələlərlə bağlı açıqlaması zamanı Rusiya-ABŞ münasibətlərinə toxunub. ABŞ prezidenti Donald Trampın Ukraynaya “Tomaqavk” raketləri verməyə qərar verəcəyi ilə bağlı açıqlamasına münasibət bildirən Peskov qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin bundan əvvəl Moskvanın bu məsələdə mövqeyini açıq şəkildə bəyan edib.
Peskov bəyan edib ki, raketlərin Kiyevə çatdırılması Ukrayna ordusunun cəbhə xəttindəki mövqeyini dəyişməyəcək, əksinə, yeni eskalasiya dövrünə start verəcək. O, bu raketlərlə bağlı müxtəlif nüansların olduğunu da qeyd edib.
“Lakin, söhbət nüvə qabiliyyətinə malik ola biləcək raketlərdən gedir. Ona görə də bu, həqiqətən də gərginliyin yeni mərhələsi olacaq” – deyə Peskov bildirib.
Kiyevə raketlərin çatdırılması ilə bağlı Trampın dəqiq qərarının gözlənildiyini vurğulayan Peskov, ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası dövründə silahların əvvəlcə təhvil verildiyini, sonra isə açıqlama verildiyini xatırladıb. Peskov bu dəfə işlərin necə olacağını görəcəklərini bildirib.
Rusiya ilə ABŞ diplomatik qurumları arasında dialoqun durğun olaraq qaldığını qeyd edən Peskov, “Təəssüf ki, bu günə qədər heç bir ciddi addım atılmayıb” deyib.
Mətbuat katibi Peskov qeyd edib ki, iki ölkə liderləri arasında dialoq bir qədər fərqli və daha canlı keçib.
Qərb ölkələrinin Rusiyanın aktivlərini ələ keçirmək cəhdləri ilə bağlı Peskov, “Hüquqlarımızı qanuni olaraq müdafiə edəcəyik və qanunsuz hərəkətlərə yol verənləri mühakimə edəcəyik. Bu hərəkətləri başlatan, qərar verən və s. şəxslərə də aiddir” deyib.
Mənbə: TgrtHaber