ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında İranla bağlı telefon danışığının gərgin keçdiyi bildirilir. Tərəflərin yeni hərbi əməliyyatların başlanması məsələsində fərqli mövqelərə malik olduğu iddia olunur.
Bugun.tv xəbər verir ki, İsrailin “Yedioth Ahronoth” nəşrinin “Ynet” saytı anonim mənbələrə istinadla iki liderin həftəsonu baş tutan söhbətinin xüsusilə gərgin keçdiyini yazıb. Mənbələrdən biri danışığı son dərəcə sərt mübahisə kimi xarakterizə edib.
İddialara görə, Tramp İranla diplomatik razılaşma əldə etmək üçün danışıqlara üstünlük verir. Netanyahu isə İranın nüvə təhlükəsinin aradan qaldırılması üçün ölkədə hakimiyyət dəyişikliyinin vacib olduğunu düşünür.
Bununla belə, İsrail Baş nazirinin ofisi telefon danışığının mübahisəli keçməsi və liderlərin bir-birinə qışqırması barədə məlumatları təkzib edib. İsrail rəsmisi də söhbətin baş tutduğunu təsdiqləsə də, onun gərgin olmadığını bildirib.
“Financial Times” nəşrinin noyabrın 10-da yayımladığı ayrıca məlumatda isə Netanyahunun Trampa İranla bağlı hərbi əməliyyatları bərpa etməyə çağırdığı, region ölkələrinin liderlərinin isə Vaşinqtonu gərginliyi artırmamağa və diplomatiyaya üstünlük verməyə səslədiyi qeyd olunub.
Beləliklə, iki ölkə arasında İranla bağlı yanaşma fərqləri yenidən gündəmə gəlib.
Mənbə: EnSonHaber
