“Azərbaycanın davamlı şəkildə sülhlə bağlı çağırışlarına baxmayaraq, Ermənistan tərəfindən provokasiyalar və təxribatlar bir an olsun belə, dayanmayıb. Bu günə qədər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü şantaj etməyə davam edir. Son dövrlər Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən Azərbaycan əleyhinə verilən açıqlamalar, müxtəlif provokativ bəyanatlar Ermənistanın yeni müharibəyə hazırlaşdığını söyləməyimizə əsas verir. Sonuncu olaraq Azərbaycan əsgərinə Laçında silah tuşlanması, şəhidlərimizin olması, hesab edirəm ki, Ermənistana dəstək verən qüvvələrin Paşinyanla birlikdə növbəti təxribatlarından biridir. Bu hadisələrin başvermə ardıcıllığı da kifayət qədər maraqlıdır. Çünki daha əvvəl sülhlə bağlı Ermənistan pozitiv mesajlar verirdi. Amma Ermənistan ərazisində Avropa İttifaqının “müşahidə missiyası” adı altında Fransanın casus şəbəkəsi fəaliyyətə başladıqdan sonra vəziyyət daha da gərginləşməyə və qızışmağa başladı. Məhz, həmin missiyanın işə başlamasından sonra Ermənistan tərəfindən həm provokativ açıqlamalar verildi, həm də şərti sərhəddə və digər bölgələrdə silah səsləri eşidilməyə başlandı”.
Bu fikri Bugun.tv-yə özəl müsahibəsində politoloq Tural İsmayılov bildirib.
“Azərbaycan şəhidlərinin qisası yerdə qalmayacaq. Ordumuz sonuncu baş verən insidentlə bağlı Ermənistana layiq olduğu cavabı verəcək. Çünki bizim tərəfimizdən dəfələrlə Ermənistanın yeni müharibəyə hazırlaşdığı təxribatlara açıq mesaj verilsə də, buna nəzər yetirilmirdi. Eyni zamanda, artıq Xankəndidəki separatçı terrorçuların ömrünün bitməyinə çox az qalıb. Çünki Azərbaycanın bütün davamlı sülh çağırışlarına baxmayaraq, Xankəndi və ətrafındakı separatçı tör-tüküntülər provokasiya və təxribatlara davam edir. Xankəndində Azərbaycan vətəndaşı olan erməniəsilli insanların Azərbaycan cəmiyyətinə reinteqrasiyası prossesinə mane olmağa çalışır. Bütün baş verən hadisələr anti-terror əməliyyatlarının tez bir zamanda bərpa ediləcəyini söyləməyimizə əsas verir”, – politoloq qeyd etdi.