Bugun.tv-yə daxil olan məlumata əsasən, Türkiyədə dəmir yolu turizminə artan maraq fonunda Turistik Şərq Ekspresi qış mövsümündə ən çox seçilən səyahət marşrutlarından biri olaraq qalır.
Ankara ilə Qars arasında həyata keçirilən bu gecəlik qatar səfəri sərnişinlərə qarlı Anadolu düzənlikləri, dağ mənzərələri və nostalji ab-hava təqdim edir.
Ankara–Qars istiqamətində hərəkət edən qatar həftədə üç dəfə yola düşür və biletlər onlayn satışa çıxarılır.

Təxminən 24 saat davam edən səfər zamanı sərnişinlər rahat kupe otaqları, vaqon-restoran xidməti və ekskursiyalar üçün planlaşdırılmış dayanacaqlardan yararlana bilirlər.
Marşrut üzrə Kayseri, Sivas, Erzincan və Ərzurum kimi şəhərlərdən keçən qatar, qış mənzərələri fonunda unudulmaz təəssüratlar yaradır.



Səyahət Qars şəhərində yekunlaşır. Tarixi memarlığı, Ani xarabalıqları, Sarıqamış xizək mərkəzi və qışda donan Çıldır gölü ilə tanınan Qars ziyarətçilərə həm mədəni, həm də təbiət turizmi baxımından zəngin imkanlar təqdim edir. Axşam saatlarında təşkil olunan ənənəvi şam yeməkləri və yerli mətbəx nümunələri isə səfəri daha yaddaqalan edir.


