Bugun.tv xəbər verir ki, “Şəhid bacısı” və “Bir ananın arzusu” şeirlərinin müəllifi Minay Vəzir sözügedən bu şeirlərini geniş oxucu auditoriyasına məhz bizim saytımız vasitəsilə çatdırmaq istəyib. İndi onu sizin təqdimatınıza veririk:
Şəhid bacısı
Oğul yetirdi Vətən,
İmza atdı hünərə,
İnanırdı o, qəlbən
Bir işıqlı səhərə.
Vətənin dar günündə
Yeridi düşmən üstə,
Sıranın tam önündə
Dedi: “Məndən can istə,
Yurdum fədayam sənə,
İrəliyədir yolum,
Divan tutub düşmənə,
Vermərik yağıya biz
Torpaqdan bir qarış da,
Özümüzdən sonra iz,
Qalacaqdır dünyada”.
Şəhid oldu qəhrəman,
Onu adı gələndə
Fəxr edir Azərbaycan,
Şanlı ismi dillərdə.
Əbədiyaşarların
Əzizdir xatirəsi,
Mərdanə oğulların
Nəsibi Haqq zirvəsi.
Ordumuz çaldı zəfər,
Qisas qalmadı yerdə,
Anılırlar şəhidlər,
Vəsf olunur şeirdə.
Xatırlanır, deməli,
Yaşayırlar şəhidlər,
Qələbənin təməli
Sizə bağlı, şəhidlər.
O, müqəddəs şəhidin
Vardır doğma bacısı,
Hər vaxt yandırır qəlbin
Qardaşının acısı.
Şair həmdərddir ona,
Onu görəndə deyir:
“Qəhrəmanlıq yoluna
Ərməğandır bu şeir.
Şəhid bacısı daim
Dik saxla sən başını,
Məlhəm olsun sözlərim,
Mən silim göz yaşını.
Başını dik saxla sən,
Qəhrəmanın bacısı,
Sənin qardaşın Vətən,
Ey Vətənin bacısı”.
O, dik tutub başını
Fəxr edir qardaşıyla,
Qürurludur Vətənim
Fəxri vətəndaşıyla.
Bir ananın arzusu
Çox istərəm dünya müharibəsiz olsun.
Qəlblər fərəhlə, şadlıqla dolsun.
Körpə gülüşləri el-aləmə yayılsın.
İstərəm xalqlar dost-qardaş olsun.
İnsanlar gecələr uyusun rahat.
Bürüsün dünyanı toy-bayram, büsat.
Gözüyaşlı ana olmasın heç vaxt.
İstərəm xalqlar dost-qardaş olsun.
Hər ailə ayrıca bir dövlətdir.
Bu dövlətlər böyük dünya yaradır.
Mehribanlıq müşkil işə çarədir.
İstərəm saflıq, düzlük cox olsun.
Mərdlik hər kişiyə, qeyrət oğula,
Paklıq hər qadına yaraşıq ola.
Yolunu azanlar dönə düz yola.
Evlər bərəkətli, ruzili olsun.
Təmiz yaşamaq insanların amalı,
Bəzəyi libas yox, olsun onun kamalı.
Halal kişilərin çoxalsın varı,
Ailəsi yanında başı dik olsun.
Hörmətli qadınların düşərlidir ayağı,
Mərd qadınlar öz evinin dayağı,
Qoy gur yansın hər ocağın çırağı.
Yaxşılıqlar hər kəsə bir örnək olsun.
Gəlin planetimizi təmiz saxlayaq.
İnsanlığa, dostluğa biz olaq dayaq.
Fani dünya keçər olsa nə sayaq,
Yetər hər günümüz mənalı olsun.
Mən türk anası türkəm
Kəngərli xanların nəticəsiyəm.
Məskənim qocaman böyük Turan,
Başımın üstündə Allah, qarşımda Quran.
Bu arzum mərd ana sədası olsun,
Qürur, dərin məna yaşar bu adda.
Türk anası türk nə istər həyatda,
Müharibə olmasın heç vaxt dünyada.
Onu da qeyd edək ki, bu şeirlərin müəllifi Minay Vəzir Respublika ictimaiyyətində “İki qəhrəman”, “Zəfərə aparan yol” və “Mehdi Hüseynzadə” kitablarının müəllifi kimi məlum olan ziyalımız Məmmədtağı Abbasovun xanımıdır.