“Qardaş Türkiyədə parlament seçkilərinin tarixində ən gərgin və ən çətin bir mərhələnin şahidi olduq. Düzdü, marafon birinci mərhələdə bitmədi. Amma bu da qardaş Türkiyə xalqı demokratik seçim ənənələrinə və dəyərlərinə nə qədər sadiq və bağlı olduğunu göstərir. Bu həm də onun göstəricisidir ki, cəmiyyət, xalq səs verdiyi rəhbərini, dövlətin başına çıxarmaq isdədiyi şəxsləri daha yaxından tanımaq və onun platformasının daha ciddi ictimai müzakirəsini keçirmək istəyir. Bu qardaş Türkiyə cəmiyyətinin siyasi nöqteyi-nəzərdən nə qədər yetkin və kamil olduğunu bir daha nümayiş etdirir”.
Bu sözləri politoloq Aydın Quliyev Bugun.tv-yə müsahibəsində bildirib. Onun sözlərinə görə seçimin ikinci tura qalması obyektiv proseslərin nəticəsidir.
“Ən yaxşısı odur ki, tərəflərdən heç biri seçkinin nəticələri ilə bağlı ciddi iradlarla çıxış etmədilər. Seçkinin nəticələrinə təsir göstərən qorxulu pozuntular, qanunsuzluqlar iddiası ortaya çıxmadı. Bu da Türkiyədə demokratik seçim ənənələrinin nə qədər yüksək olduğunu bir daha nümayiş etdirdi. Əgər birinci turda mübarizə yekunlaşmasa, ikinci turda yenidən üz-üzə gəlmək qardaş Türkiyə tarixində demokratiya seçim mədəniyyətinin daha da təkminləşməsi uğrunda mübarizə tarixində önəmli səhifələrdən biri olacaq. Əminəm ki qardaş Türkiyə xalqı ən obyektiv seçimini edəcək. Bu seçkilərin cəmiyyət və xalq üçün yaxşı qurtarması bizim də böyük arzumuzdur. Çünki Türkiyə bizim üçün qardaş ölkədir və bu seçimin inamlı, qələbə ilə davam etməsini istəyirik. Yəqin ki, Türkiyə xalqının iradəsi sonda qalib gələcək və hər şey bu xalq, cəmiyyət və dövlət üçün məqbul nəticələnəcək”,- politoloq əlavə edib.
Müxbir: Qaytən Qasımzadə