Bugun.tv xəbər verir ki, Türkiyənin Eskişehir şəhərində, Eskişəhir Azərbaycanlılar Dərnəyinin dəstəyilə Anadolu Universiteti Heydər Əliyev Araştırma və Tətbiq mərkəziin Azərbaycanın görkəmli dövlət xadimi H.Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı tədbir keçirilib. Tədbir onun həyat və yaradıcılığından bəhs edən sənədli film ilə başlayıb.
Bu barədə Eskişəhir Azərbaycanlılar Dərnəyinin rəhbəri Cavid Aydın məlumat verib. Onun sözlərinə görə, tədbirdə opera sənətçisi, dərnəyin qadın qollarının sədri Fidan Hüseynova ifa edib. O, H.Əliyevin sevdiyi “Küçələrə su səpmişəm” və “Alagöz” mahnılarını oxuyub.
Panel söhbətinə keçməzdən əvvəl, Anadolu Universiteti Heydər Əliyev Uyğulama və Araşdırma Mərkəzinin rəhbəri Prof.Dr Burhan Sayılır mərkəz haqqında məlumat verib, milli liderin 100 illiyi ilə əlaqədar xatirə kitabı dərc etdiyini vurğulayıb.
Daha sonra tədbir iştirakçılarını salamlayan Eskişəhir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın müasir Azərbaycan dövlətinin və diaspor quruculuğunun banisi H. Əliyevin misilsiz xidmətlərindən danışıb. Sonra Azərbaycanın Ankaradakı səlahiyyətli səfiri cənab Rəşad Məmmədovun məktubunu başda Anadolu Universitetinin rektoru Prof. Dr. Fuat Erdal olmaq üzərə tədbir iştirakçılarına ərz edib.
H.Əliyevin 100 illiyinə həsr olunan tədbir programi Anadolu Universiteti rektoru Prof. Dr.Fuat Erdalın nitqi ilə davam edib. O, tarixin müxtəlif mərhələlərində H.Əliyevin göstərdiyi fəaliyyətlərə, Türkiyə Azərbaycan arasındakı ikili münasibətlərə diqqət çəkib.
Tədbir Prof.Dr. Burhan Sayılır, Prof. Dr.Gokhan Güneysu, Prof. Dr. Azer Hatemoglu Hatemovun birgə paneli ilə davam edib. Paneldə H.Əliyevin çoxşaxəli fəaliyyətindən, Türkiyə Azərbaycan münasibətlərinə verdiyi töhfələrdən, vətən və millət naminə göstərdiyi fədakarlıqlardan, onun siyasi baxışı ilə Azərbaycanı parçalanma və məhvolma təhlükəsindən qurtarma cəhdlərindən, millətini rifah, inkişaf yoluna çıxaran misilsiz xidmətlərindən danışılıb.
“Tədbir böyük maraqla qarşılanıb və H. Əliyevin siyasi irsi dinləyicilərə çatdırılıb. Qeyd edək ki, bununla yanaşı Eskişəhir Azərbaycanlılar Dərnəyində çərşənbə söhbətlərində Heydər Əliyevin 100 illiyinə həsr oluna “Müstəqilliyin davamçısı” konfransı da baş tutacaq”,- C.Aydın diqqətə çatdırıb.