Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə Türkiyəyə qarşı İsrailin Yunanıstan və Yunan Kipri ilə qurmaq istədiyi koalisiyanın real perspektivinin olmadığını bildirib.
Onun sözlərinə görə, Yunanıstanın NATO üzvü olduğu halda, eyni alyansda yer alan Türkiyəyə qarşı hər hansı hərbi-siyasi koalisiyada iştirak etməsi məntiqsiz və ziddiyyətlidir. Əsədullazadə qeyd edib ki, NATO-nun 5-ci maddəsinə əsasən, Türkiyəyə qarşı xarici hücum baş verərsə, alyans üzvləri onu müdafiə etməlidir:
“Bu baxımdan İsrailin Türkiyəyə qarşı hərbi koalisiya planında Yunanıstanın yer alması NATO-nun institusional deqradasiyası anlamına gələr”.
Siyasi ekspert vurğulayıb ki, Yunanıstanla Türkiyə arasında müəyyən siyasi problemlər mövcud olsa da, bu ziddiyyətlər indiyədək tərəflərin bir-birinə qarşı hərbi koalisiyalarda yer almasına səbəb olmayıb. Onun fikrincə, hər iki ölkə mövcud problemləri əsasən ikitərəfli formatda və NATO çərçivəsində idarə edib:
“Bu səbəbdən İsrailin baş naziri Benyamin Netanyahunun Yunanıstandan Türkiyəyə qarşı alət kimi istifadə etmək cəhdi uğurlu olmayacaq”.
Məhəmməd Əsədullazadə əlavə edib ki, İsrail Türkiyə əleyhinə fəaliyyətini daha çox Suriya üzərindən həyata keçirməyə çalışır. ABŞ-ın Suriyada YPG kimi kürd terror təşkilatını dəstəkləməsi və İsrailin bu prosesdən istifadə edərək Suriyanın cənubunda hərbi fəallığını artırması Türkiyənin regiondakı mövqelərini zəiflətməyə hesablanıb.
Onun sözlərinə görə, Türkiyə Suriya məsələsində İranla da danışıqlar aparır və regionda siyasi sabitliyin təmin olunması, eləcə də kürd muxtariyyətinin yaradılmasının qarşısının alınması əsasən ABŞ-la aparılan siyasi danışıqların nəticələrindən asılı olacaq.
Siyasi ekspert Azərbaycanın mövqeyinə də toxunaraq bildirib ki, Bakı hər zaman qardaş Türkiyənin yanında olacaq:
“Azərbaycana gəldikdə isə, qardaş Türkiyənin daima yanında olacaq.”
Məhəmməd Əsədullazadə – Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert
