Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan üçtərəfli müdafiə nazirlərinin birgə mətbuat konfransı keçirilib.
Milli müdafiə naziri Yaşar Gülər, Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Gürcüstanın müdafiə naziri İrakli Çikovani Mərkəzi Ordu Evində keçirilən birgə mətbuat konfransında iştirak ediblər. Həsənov bildirib ki, artıq ənənə halını almış məhsuldar üçtərəfli görüş keçiriblər.
Zakir Həsənov bəyan edib ki, üç ölkənin liderləri arasında sıx münasibətlər və müntəzəm təmaslar iki ölkə arasında münasibətlərin daha da inkişafını sürətləndirib. O qeyd edib ki, görüş zamanı ikitərəfli və üçtərəfli münasibətlərin inkişaf perspektivləri, fəaliyyətin səmərəliliyi, regionda baş verən hərbi-siyasi proseslər və tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Həsənov bildirib ki, görüşdə regionun sülh, sabitlik və təhlükəsizliyinə təhdidlərə qarşı birgə mübarizənin vacibliyi vurğulanıb.
“Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri tərəfindən birgə bəyannamənin imzalanması və iki ölkə arasında imzalanacaq sülh sazişinin paraflanması 30 ildən artıqdır davam edən müharibəyə son qoyulması istiqamətində mühüm addımdır”, – deyən Həsənov bu tarixi hadisənin Cənubi Qafqazda və daha geniş regionda əməkdaşlıq üçün yeni imkanları ön plana çıxardığını bildirib.
Ə.Həsənov vurğulayıb ki, qlobal hərbi-siyasi proseslər əməkdaşlığın daha da inkişaf etdirilməsi zərurətini diktə edir.
“Beynəlxalq terrorizm, enerji və nəqliyyat xətlərinin təhlükəsizliyi, kiberhücumlar və iqlim dəyişikliyi kimi yeni yaranan təhdidlər ölkələrdən əməkdaşlıq və effektiv həll yolları hazırlamağı tələb edir”, – deyən Həsənov birgə səylərlə üç ölkənin müdafiə qurumları arasında əməkdaşlığı daha da inkişaf etdirmək və dərinləşdirmək niyyətini vurğulayıb.
Gürcüstanın müdafiə naziri Çikovani ölkəsinin dost və strateji tərəfdaşlarının müdafiə nazirləri ilə görüşdə iştirakının onun üçün böyük əhəmiyyət daşıdığını bildirib və Gülərə qonaqpərvərliyinə görə təşəkkür edib.
Çikovani ikitərəfli və üçtərəfli münasibətləri fəal müzakirə etdiklərini, regional təhlükəsizlik və gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi apardıqlarını bildirib. O, “Avropa ilə Asiya arasında körpü rolunu oynayan Cənubi Qafqaz regionu tarixən geostrateji region olub. Bu mənada ölkələrimiz arasında əməkdaşlıq çox vacibdir” deyib.
Çikovani vurğulayıb ki, onların əsas missiyası birgə səylərlə regional sabitliyi qorumaq və beynəlxalq hüququn prinsiplərinə riayət etməklə sülh yolu ilə həllə nail olmaqdır.
Üçtərəfli formatın hərbi hissələri bir-birinə daha da yaxınlaşdırdığını vurğulayan Çikovani deyib:
“Bu strateji səviyyəli səfərlər, birgə təlimlər, üçtərəfli təlim kursları, hərbi ekspertlərin toplaşdığı görüşlər birgə işləmək üçün çox böyük imkan yaradır. Üçtərəfli təlim bizim üçün çox vacibdir və bugünkü üçtərəfli görüşlər çox yüksək səviyyədə oldu. Əminəm ki, bu strateji əlaqələr gələcəkdə də çox uğurlu olacaq”.
Mənbə: HurriYet