ABŞ-ın “JetBlue” aviaşirkətinə məxsus Meksikadan uçan təyyarədəki sərnişinlərin qəfil hündürlük itkisi səbəbindən xəstəxanaya yerləşdirildiyi bildirilir.
ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) verdiyi açıqlamaya görə, Meksikanın Kankun şəhərindən ABŞ-ın Nyu-Cersi ştatına uçan JetBlue təyyarəsi qəfil hündürlük itkisi ilə üzləşib.
162 sərnişin daşıyan Airbus A320 təyyarəsi dünən yerli vaxtla saat 14:00-da hündürlük itkisi səbəbindən ABŞ-ın Florida ştatındakı Tampa Beynəlxalq Hava Limanına təcili eniş edib.
Aviaşirkət xəsarət alanların sayı barədə heç bir məlumat verməyib, lakin təcili yardım işçilərinin hava limanında sərnişinləri və heyəti müayinə etdiyini və bəzi sərnişinlərin xəstəxanaya aparıldığını bildirib.
“LiveATC.net” veb saytının əldə etdiyi hava nəqliyyatı qeydlərinə görə, ən azı üç nəfər xəsarət alıb.
FAA rəsmiləri həmçinin hadisənin araşdırıldığını bildiriblər.
Mənbə: HaberGlobal
