Böyük Britaniya, İtaliya və Yaponiya Qlobal Döyüş Hava Proqramı (GCAP) çərçivəsində 6-cı nəsil döyüş təyyarəsi hazırlamaq üçün qüvvələrini birləşdirir və 2025-ci ildə fəaliyyətə başlayacaq yeni birgə müəssisə yaradır. 2035-ci ildə xidmətə girməsi planlaşdırılan təyyarə F-35-ə rəqib olacaq və PUA dəstələrini idarə edə biləcək “uçan superkompüter” kimi dizayn edilib.
İngiltərə, İtaliya və Yaponiya müdafiə və aviasiya sektorlarında inqilabi layihə həyata keçirməyə hazırlaşır. Üç ölkənin aparıcı müdafiə şirkətləri “Qlobal Döyüş Hava Proqramı” (GCAP) çərçivəsində 6-cı Nəsil Döyüş Təyyarələri Sisteminin inkişafı üçün yeni birgə müəssisənin yaradılması barədə razılığa gəliblər.
BBC Türkcənin məlumatına görə, müqavilə çərçivəsində İtaliyadan Leonardo, İngiltərədən BAE Systems və Yaponiyadan Japan Aerospace Industry Electronics Corporation (JAIEC) bərabər paylarla (üçdə biri) yeni bir ortaq müəssisə yaradacaq. Yeni müəssisənin baş ofisi Böyük Britaniyada olacaq və ilk CEO İtaliya tərəfindən müəyyən ediləcək.
Üç qrupun birgə bəyanatında, təşəbbüsün 2025-ci ilin ortalarına doğru rəsmi fəaliyyətə keçməsinin planlaşdırıldığı bildirilib.
GCAP çərçivəsində hazırlanacaq 6-cı nəsil döyüş təyyarəsi 2035-ci ildə xidmətə girmək üçün nəzərdə tutulub. İstehsal ediləcək yeni nəsil təyyarələrin ən azı 2070-ci ilə qədər istifadə edilməsi hədəflənir. Təyyarəni GCAP üçün dəyərli edən ən mühüm amillərdən biri onun ABŞ-ın F-35-ə rəqib olaraq görülməsi və eyni zamanda EuroFighter Typhoon reaktiv təyyarələrini əvəz etməsidir.
“BU BİR NÖV UÇAN SUPER KOMPYÜTER OLACAQ”
Leonardo CEO Roberto Cingolani İtaliya mətbuatına altıncı nəsil döyüş təyyarəsi əsaslı hava sistemi proqramının təfərrüatlarını açıqladı. Dekabrın 15-də “La Repubblica” qəzetində dərc olunan müsahibəsində Cingolani, “GCAP çox iddialı bir layihədir. Hətta ABŞ belə bir şey planlaşdırmır. Nə qədər çətin olacaq?” sualına cavabında o, layihəni silahlı pilotsuz uçuş aparatları (PUA) donanmasına nəzarət edə bilən radarlara görünməyən döyüş təyyarəsinin hazırlanması kimi xarakterizə edib və bunun praktikada bir növ uçan superkompüter olacağını bildirib: ” Mən onu səmadakı təyyarədaşıyan gəmi ilə müqayisə etməyi xoşlayıram”. Cingolani bildirib ki, layihənin birinci mərhələsi 45 milyard avro sərmayə ilə 3 imzalayan ölkə tərəfindən maliyyələşdirilən əsas təyyarənin hazırlanmasıdır. Onun sözlərinə görə, ikinci mərhələdə kəşfiyyat, hücum və qarşısının alınması üçün digər iki əsas element olan PUA-dan sonra PUA dəstələrinə nəzarət etmək üçün süni intellekt proqram təminatı hazırlanır. Leonardo meneceri Avropada oxşar ortaqlığın Fransa-Almaniya-İspan Fcas konsorsiumu tərəfindən yaradıldığını xatırladaraq, “Görünür, bizdən geri qalırlar” deyib.
2022-ci ildə İngiltərə, İtaliya və Yaponiya arasında təməli qoyulan GCAP layihəsinə Səudiyyə Ərəbistanının da daxil ola biləcəyi ilə bağlı xəbərlər yayılmışdı. Nəhayət, İtaliyanın xarici işlər naziri Antonio Tajani ötən ay verdiyi açıqlamada İngiltərə və Yaponiya ilə razılaşmanın Səudiyyə Ərəbistanına da şamil ediləcəyini düşündüyünü bildirib. Mövzu ilə bağlı Leonardo CEO Roberto Cingolani əlavə etdi ki, dünyanın qalan hissəsindən GCAP-a güclü maraq var və Səudiyyə Ərəbistanı kimi ölkələr iştirak etmək üçün müraciət ediblər.
Səudiyyə Ərəbistanının iştirakı ilə bağlı qərarın nə vaxt veriləcəyini soruşduqda Cingolani bildirib ki, birgə müəssisənin təfərrüatlı planlarını müəyyən etmək üçün bir neçə ay işləmək lazımdır, daha sonra yeni tərəfdaşlarla bağlı qərar verəcəklər.
Mənbə: Tgrt