Günlərdir hər kəsin diqqəti qardaş Türkiyədə baş verən ağır zəlzələdən gələn xəbərlərdədir. Xəsarət alan və həyatını itirənlərin sayı durmadan artsa da, insanların sağ qalacağına ümidlər ölmür. Ona görə də insanları bir sual maraqlandırır, görəsən orqanizmimiz belə vəziyyətlərə qarşı nə qədər dözümlüdür?
Həkim Qalib Əsədov Bugun.tv-yə müsahibəsində bildirib ki, köməksiz vəziyyətdə dağıntılar altında sağ qalma müddəti insanın yaşından, aldığı xəsarətin dərəcəsindən və hansısa xəstəliyinin olub-olmamasından asılıdır. “Bizim yaşamağımız üçün vacib olan 3 əsas faktor var. oksigen, qidalanma və su. Hava gəlmək ehtimalı varmı ki, ordan hava axını gəlsin və insan nəfəs ala bilsin. Belə bir vəziyyətdə kibrit varsa onu və ya şam yandırmaq məqsədəuyğun deyil. Çünki o, havada olan az miqdarda oksigeni sərf edəcək və havasızlıq artacaq. İkincisi, belə bir vəziyyətdə panika, həyəcan oksigen sərfiyyatını artırır. Belə vəziyyətdə mümkün qədər soyuqqanlı olmaq lazımdır”.
Bəs, normalda orqanizmimiz aclığa və susuzluğa neçə gün tab gətirə bilər? “Orqanizm yeməksiz 3-4 həftə, susuz 2-3, bəzən 4 gün qala bilər. Susuz qalmaq özü də müxtəlif xarici amillərdən asılıdır. Əgər hava həddindən çox istidirsə, bədənin su itirməsi həddindən çoxdursa, bu zaman susuz qalma müddəti təbii ki, az olacaq. Amma tutaq ki, yağışlı bir mövsümdü, hava rütubətlidir, nəfəs aldığımız havanın tərkibində su damlaları varsa, bu müddət çoxala bilər”.
Qalib Əsədovun sözlərinə görə, belə vəziyyətlərdə əsas olan panikaya düşməmək və yardım çağıra bilməkdir. Yadda saxzlamaq lazımdır ki, hər şey bitməyib. “Zəlzələ baş veribsə, xilasedicilər yuxarıda işləyirlər və sizi xilas etmək şansınız var. Və bundan ötrü siz müəyyən səs siqnalları verməlisiz və çalışmalısız ki, özünüz hansısa bir addımlar atasız. Havanın gəlməsi üçün müəyyən şərait yaratmaq lazımdır. Haradasa boşluqlar, beton yox, qum sahələri varsa orada çalışmaq lazımdı ki, mümkün qədər dəliklər açaraq, əlinizin altında olan müəyyən vasitələrlə havanın gəlişini təmin edə biləsiz”.
Qeyd edək ki, tarixdə uçqunlar altından günlərlə qalan və xilas edilənlər olub. 2013-cü ildə Banqladeşdə baş verən zəlzələdən 17 gün sonra, 2010-cu ildə Haitidə 28 gün, Kəşmirdə isə 63 gün sonra uçqunlar altından sağ çıxarılanlar buna sübutdur. Ümid edək ki, elə qardaş Türkiyədə də saatlar keçməsinə baxmayaraq, xilas edilənlər hələ də olacaq.