Bugun.tv xəbər verir ki, 30 il əvvəl itkin düşdüyü zənn edilən “Ujas” ləqəbli Birinci Qarabağ müharibəsi döyüşçüsü Hüseynov Əli Heydər oğlunun əslində ermənilər tərəfindən öldürüldüyü təsdiqlənib. Bu barədə mərhumun yaxın qohumu, tanınmış jurnalist, publisist Kərim Kərimli sosial şəbəkə hesabında məlumat verib.
“30 il yolunu gözlədiyimiz, haqqında yaxşı xəbər çıxacağına müdam ümid etdiyimiz, böyük ailəmizin ən ərköyün və ən sevimli üzvü olan, özümüzə kiçik qardaş bilib, qardaş qədər xətrini istədiyimiz, 6 avqust 1993-cü ildə Füzuli cəbhəsində itkin düşmüş, torpaqlarımızın igid müdafiəçilərindən biri olan “Ujas” ləqəbli qəhrəman döyüşçü, bu yaxınlarda Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqda tapılmış, şəxsiyyəti müəyyən edilmiş mamam oğlu Hüseynov Əli Heydər oğlunun nəşinin qalıqları 11 sentyabr 2023-cü ildə səhər saat 9:00-da 1 saylı Tibbi Kliniki Xəstəxanada ailəmizə təhvil veriləcək”, – K.Kərimli bildirib.
Onun sözlərinə görə, Əli Hseynov həmin gün saat 15:00-da Füzuli rayonunun Araz Yağlıvənd kəndindəki qədim Şirvan Ata qəbristanlığında, valideynlərinin yanında dəfn ediləcək.