Bugun.tv xəbər verir ki, Ukrayna ölkəsindən taxıl və ərzaq məhsullarının idxalına qadağa qoyulmasına qərar verən Avropa İttifaqının (Aİ) üzvləri Polşa, Macarıstan və Slovakiyaya qarşı məhkəmə prosesi başlatmağı planlaşdırır.
Ukrayna Ticarət Nümayəndəsi Taras Kaçka Ukrayna ilə bəzi Aİ üzvü ölkələr arasında kənd təsərrüfatı və ərzaq məhsullarının idxalı ilə bağlı yaşanan problemlər barədə Politico saytına açıqlama verib.
Ukraynanın kənd təsərrüfatı məhsullarının idxalına qoyulan qadağaya görə, Polşa, Macarıstan və Slovakiyaya qarşı iddia qaldıracağını bildirən Kaçka, “Bu hərəkətlərin hüquqi baxımdan yanlış olduğunu sübut etmək çox vacibdir. Ona görə də sabahdan məhkəmə prosesinə başlayacağıq”, – deyib.
Kaçka izah edib ki, Polşa, Macarıstan və Slovakiyanın Brüsselə qarşı açıq meydan oxuması təkcə Aİ-nin daxili məsələsi deyil, həm də beynəlxalq ticarət tərəfdaşlarının Brüsselə etimadı ilə bağlı məsələdir.
Aİ ölkələrinin ticarət siyasətləri və ticarət razılaşması danışıqlarının Aİ Komissiyasının səlahiyyətində olduğunu xatırladan Kaçka, Aİ qurumlarının ticarət siyasətindəki mövqeyinə məhəl qoymayan Macarıstan və Polşanın yanaşmasının ciddi problem olduğunu bildirib.