Ukrayna prezidenti Vladimir Zelenski paytaxt Vaşinqtonda ABŞ prezidenti Co Bayden və hazırkı vitse-prezident və prezidentliyə namizəd Kamala Harrislə görüşüb. Zelenski hər iki liderə Qələbə Planını təqdim edib. Ukrayna Prezidentliyinin Mətbuat Xidmətindən verilən açıqlamada, “Ukrayna prezidenti Vladimir Zelenski Vaşinqtonda ABŞ-ın vitse-prezidenti Kamala Harris ilə görüşüb və ona Qələbə Planını təqdim edib. Prezident ilk Sülh Sammitində iştirakına və ABŞ-ın əvvəldən Ukraynaya göstərdiyi sarsılmaz dəstəyə görə Kamala Harrisə təşəkkür edib. “Görüş zamanı prezident Zelenski Qələbə Planının təfərrüatlarını bölüşüb”.
Zelenski daha sonra Ağ Evdə ABŞ prezidenti Baydenlə görüşüb. İki lider Qələbə Planı ilə bağlı komandalarına növbəti addımlar üzrə məsləhətləşmələr aparmağı tapşırıblar. Açıqlamada “Zelenski Qələbə Planını ABŞ prezidentinə təqdim edib. Liderlər Planın diplomatik, iqtisadi və hərbi aspektlərini müzakirə edib və öz komandalarına növbəti addımlar üzrə məsləhətləşmələr aparmağı tapşırıblar. Co Bayden oktyabrın 12-də Almaniyada liderlər səviyyəsində Ukrayna Müdafiə Əlaqə Qrupunun toplantısı keçirəcək. Ukrayna və ABŞ prezidentləri məsləhətləşmələrin gedişatını nəzərdən keçirmək üçün ikitərəfli görüş keçirəcəklər. “Onlar həmçinin Ukraynaya əlavə dəstəyi koordinasiya etmək üçün beynəlxalq tərəfdaşlarla görüşəcəklər”, – məlumatda deyilir.
Mənbə: Haber Global