Bugün.tv xəbər verir ki, “Ümid yeri” Uşaq sığınacağının uşaq və müəllim heyəti 20 Yanvar Ümumxalq Hüzn günü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət ediblər.
Bu barədə “Ümid yeri” İctimai Birliyinin rəhbəri Nigar Mənsimova redaksiyamıza məlumat verib. O, bildirib ki, hər il olduğu kimi, bu il də ənənəyə sadiq qalaraq, uşaq evinin sakinləri ilə birgə Azərbaycanın azadlığı, suverenliyi uğrunda canından keçən şəhidlərimizin uyuduğu məzarlıqda olub, onları ziyarət ediblər.
Tədbir “Freed Media” SMM şirkəti və “McDonalds” restoranlar şəbəkəsinin təşkilatçılığı və dəstəyi ilə həyata keçirilib. Sosial layihənin rəhbəri Turanə Mürsəlova bildirib ki, 20 yanvar günü sovet ordusunun xalqımıza qarşı həyata keçirdiyi terror aktından bütün uşaqların məlumatı olmalıdır.
“Düşünürəm ki, il ərzində yalnız bir gün deyil, mütəmadi olaraq şəhidlərimiz ziyarət olunmalı, Qarabağ uğrunda, Birinci və İkinci Vətən Mühaibəsində canlarından keçən igid Vətən oğulları bütün uşaqlara tanıdılmalıdır. Bununla qan yaddaşımız həm yenilənir, həm də gələcək nəsil vətənpərvərlik ruhunda böyüyür”, – deyə T.Mürsəlova vurğulayıb.
Ziyarət zamanı layihə rəhbəri 20 Yanvar hadisələri ilə bağlı uşaqlara ətraflı məlumat verib, onların suallarını cavablandırıb.
Sonra “Ümid yeri” Uşaq sığınacağının sakinləri McDonalds şirkəti tərəfindən restorana dəvət olunublar.