36 C
Baku
20 İyul 2025, 15:31
Baş xəbərSiyasət

“Ümummilli Liderimiz Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətləri misilsizdir”

“Ulu Öndərimizin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 56-cı ildönümü tamam olur. 14 iyul 1969-cu ildə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) birinci katibi seçilərək respublikanın rəhbəri olması dönüş nöqtəsi kimi dəyərləndirilir. Çünki məhz həmin vaxtdan başlayan böyük inkişaf yolu Azərbaycanın gələcək inkişafının, intibahının, tərəqqisinin və parlaq perspektivlərinin əsası oldu.

Həmin dövrün reallıqlarına nəzər saldıqda Ulu Öndər Heydər Əliyevin gördüyü işlərin miqyası, mahiyyəti və əhəmiyyəti barədə dəqiq təsəvvür formalaşır, Azərbaycan necə tənəzzüldən xilas edilərək tərəqqi yoluna çıxarılması, Liderin xalqın rifahı, dövlətin mənafeyi üçün hansı xidmətlər göstərdiyi aydın olur. Məhz 14 iyul 1969-cu il tarixdən – Ulu Öndərin ilk dəfə siyasi hakimiyyətə gəldiyi gündən Azərbaycan dövlətinin həqiqi inkişafı başlandı. Qısa müddətdə Azərbaycan İttifaq səviyyəsində sənaye istehsalının artım sürətinə görə ilk yerdə qərarlaşdı, maşınqayırma, metallurgiya və digər sahələrdə də əhəmiyyətli irəliləyişlər qeydə alındı.

1971-ci ildə Ulu Öndərimizin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması isə peşəkar milli hərbçilərimizin yetişməsində mühüm amil oldu. Heydər Əliyevin bu uzaqgörən qərarı gələcəyə hesablanmışdı və müstəqil Azərbaycanın ordu quruculuğunda həmin lisey mühüm ciddi faktor oldu. Eyni zamanda, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə vuruşan Azərbaycan zabitlərinin müəyyən hissəsi həmin liseyin yetirmələridir.

Bununla yanaşı, 1978-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə İttifaq respublikaları arasında ilk olaraq məhz Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bundan başqa, “Müasir Azərbaycan dili” və “Azərbaycan dili” dərslikləri hazırlandı. Siyasi-ideoloji müstəvidə görülən bütün bu işlər milli inkişaf və həmrəyliyimizin təmin olunması baxımından tarixi əhəmiyyətə malik addımlar oldu.

1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Ümummilli lider Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi və bununla da, SSRİ-nin rəhbərliyi səviyyəsinə yüksəldi. Ümummilli liderimiz bu dövrdə də Azərbaycan xalqı və dövlətinin mənafeyindən irəli gələn əhəmiyyətli addımlar atdı, misilsiz xidmətlər göstərdi.

Müstəqilliyimizin ilk illərində – 1990-cı illərin əvvəlində isə bu dahi şəxsiyyət Azərbaycan dövlətini məhv olmaqdan xilas etdi. 1990-cı illərin siyasi mənzərəsi, həqiqətən də, acınacaqlı idi. 1991-ci ilin oktyabr ayında dövlət müstəqilliyi elan olunsa da, bu müstəqillik kağız üzərində idi. 1992-1993-cü illərdə hakimiyyətdə olan qüvvələr isə ölkəmizi uçuruma aparırdı. Belə bir şəraitdə Azərbaycan xalqının təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev Naxçıvandan Bakıya qayıtdı. Ümummilli Lider Heydər Əliyev bu qayıdışı ilə ölkənin xaos, vətəndaş qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas edilməsi tarixi missiyasını həyata keçirməyə başladı. İyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi.

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Və Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. Bir sözlə, böyük dövlət xadimi Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən – qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı və Azərbaycanı parçalamaq, forposta çevirmək və korporativ maraqlar əsasında idarə etmək istəyənlər öz niyyətlərinə çata bilmədilər. Asayiş və qayda-qanun bərqərar edildi, ən əsası, nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verilməsi, ilk parlament seçkilərinin keçirilməsi, referendum yolu ilə Konstitusiyanın qəbul edilməsi, idarəetmə sisteminin formalaşdırılması, neft müqavilələrinin imzalanması, Azərbaycanın iqtisadi dirçəlişinin əsasının qoyulması, respublikamızın beynəlxalq əlaqələrinin formalaşdırılması, ölkənin dünya birliyinə inteqrasiyası prosesinə başlanması dövlətimizin tərəqqi yolunda inamla irəliləməsini təmin etdi, Azərbaycanın qarşısında aydın perspektivlər açıldı.

Bir sözlə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan milli inkişaf strategiyasının fonunda həyata keçirilən sistematik işlər və görülən məqsədyönlü tədbirlər siyasi sistemin təşəkkül tapmasını, onun struktur elementlərinin mütəmadi təkmilləşməsini təmin etmiş oldu. Öz fəaliyyətini Azərbaycanın hərtərəfli inkişafına həsr edən Ulu Öndər, eyni zamanda, dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlarını atdı. Milli ideologiyanın yaradılması da Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsindən biridir. Məlum olduğu kimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid mərkəzdə birləşdirən milli məfkurəyə çevrildi.

“Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycan iqtisadiyyatında dönüş yarandı və genişmiqyaslı işlərə başlanıldı. Daha sonra Azərbaycan neftinin dünya bazarlarına nəqli istiqamətində müstəsna əhəmiyyət kəsb edən tədbirlər görüldü və mühüm əməkdaşlıq layihələri gerçəkləşdirildi. Bütövlükdə, milli maraqlara əsaslanan uğurlu xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirdi, Azərbaycan etibarlı tərəfdaş kimi tanınmağa başladı.

Ümumiyyətlə, Heydər Əliyev dühasını, onun xalqımız qarşısında xidmətlərini öyrənmək uzun illər, dərin elmi-siyasi araşdırmalar tələb edir. Ulu öndərimizin böyüklüyü, onun xalqımızın rifahı naminə həyata keçirdiyi mühüm tədbirlərin mahiyyətini tam dərk etmək üçün böyük zaman tələb olunur. Zaman keçdikcə isə bu dahi insanın adı Azərbaycan xalqının simvoluna, əməlləri isə hünər rəmzinə çevrilir. Hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir şəxsiyyət Heydər Əliyev haqqında dünyanın məşhur simalarının necə heyranlıqla, ehtiramla danışdıqlarının şahidiyik. Müasiri olan dünya liderləri, nüfuzlu dövlət adamları və siyasi xadimləri tərəfindən dünya miqyasında böyüklüyü etiraf edilən, o cümlədən ABŞ-ın sabiq Prezidenti Corc Buşun “şəksiz lider”, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “türk dünyasının tanınan və sevilən lideri”, Rusiya Prezidenti Vladimir Putinin “siyasət nəhəngi”, Fransanın sabiq Prezidenti Jak Şirakın “qeyri-adi şəxsiyyət” adlandırdıqları Heydər Əliyev şəxsiyyətinin zirvəsi dahi liderimizin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlməsinin 56-cı ildönümü ərəfəsində də yenidən göz önündə canlanır, qəlbimizdə bir daha qürur və iftixar hissləri baş qaldırır.

Şübhəsiz, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu dövlət quruculuğu siyasətinin fonunda əldə edilən nailiyyətlərin sayını istənilən qədər artırmaq olar. Amma təkcə sadalananlar da onu deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün uğurla və inamla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs Azərbaycanın qüdrətinin daha da artmasını təmin edib, ölkəmiz möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir.

Heydər Əliyev siyasətinin zirvəsini isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması təşkil edir. Beləliklə, Azərbaycan gələcəyə doğru inamla, yeni zəfərlərlə addımlayır. Bu nailiyyətlərin əsasını isə Heydər Əliyev siyasəti təşkil edir. Bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcək. Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, yeni-yeni zəfərlər qazanacaq!”.

Fatma Yıldırım

Milli Məclisin deputatı

Aynur Camal

Oxşar xəbərlər

Yoon Suk Yeol: “Şimali Koreya seçkilər öncəsi cəmiyyətimizi sarsıtmağa çalışır”

Bugün TV

BVF Kameruna 73,8 milyon dollar kredit ayırdı

Teymur Əziz

Mayın 22-də gözlənilən hava şəraiti

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu