BMT-nin Uşaqlara Yardım Fondu (UNICEF) Qəzzada atəşkəsin qüvvədə olduğu təxminən üç ay ərzində 100-dən çox uşağın həlak olduğunu açıqlayıb. Təşkilatın sözçüsü Ceyms Elder Cenevrədə keçirilən həftəlik mətbuat brifinqində bildirib ki, bu dövrdə hər gün orta hesabla bir uşaq həyatını itirib.
Elderin sözlərinə görə, atəşkəsə baxmayaraq bombardmanlar və hücumlar tam dayanmayıb, bölgədə həyat son dərəcə ağır olaraq qalır. O, uşaqların həm zorakılıq, həm də sərt qış şəraiti ilə üzləşdiyini qeyd edib.
UNICEF rəsmisi son günlərdə hipotermiya səbəbindən daha uşaqların öldüyünü, bu qış donvurma nəticəsində ölən uşaqların sayının 6-ya çatdığını bildirib. Atəşkəsin səhiyyə, qidalanma, su və sanitariya sahələrində müəyyən humanitar irəliləyişlərə imkan yaratdığını desə də, uşaqların vəziyyətinin hələ də kritik olduğunu vurğulayıb.
Elder Qəzzada atəşkəsin tam tətbiqinə, humanitar yardıma maneəsiz çıxışa və tibbi təxliyələrin həyata keçirilməsinə çağıraraq uşaqlar üçün real təhlükəsizliyin təmin edilməsinin vacibliyini bildirib.
Qeyd edək ki, 2023-cü ilin oktyabrından bu yana Qəzza zolağına edilən hücumlar nəticəsində 71 mindən çox fələstinli ölüb, 171 mindən çox insan yaralanıb. Mülki infrastrukturun təxminən 90 faizi dağıdılıb, ərazidə milyonlarla ton dağıntı qalıb və minlərlə cəsədin hələ də dağıntılar altında olduğu bildirilir.
Atəşkəs razılaşmasına baxmayaraq, bölgəyə çadır, konteyner ev və tikinti materiallarının girişinə məhdudiyyətlər qalır. Qəzzadakı yerli qurumlar təcili olaraq konteyner evlərin və ağır texnikanın göndərilməsini tələb edirlər.
Mənbə: Trthaber.com
