Bugun.tv-yə daxil olan məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) elan etdiyi “Uşaq Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Şimal, Şimal-Qərb, Qərb və Cənub regional mərkəzləri tərəfindən Quba, Mingəçevir, Gəncə, Astara və Masallıda silsilə hüquqi maarifləndirici tədbirlər təşkil olunub.
Uşaqların zərərli təsirlərdən müdafiəsi, onların hüquq və azadlıqları, o cümlədən bərabərlik və ayrıseçkiliyə məruz qalmamaq hüquqları barədə məlumatlılığın artırılması məqsədilə keçirilmiş tədbirlərdə uşaq hüquqlarının beynəlxalq müdafiə mexanizmləri, BMT-nin “Uşaq Hüquqları Konvensiyası”nın, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun və digər qanunvericilik aktlarının müddəaları barədə ətraflı məlumat verilib.
Eyni zamanda, tədbir iştirakçıları Müvəkkilin uşaq hüquqlarının müdafiəsi sahəsindəki geniş fəaliyyəti, Ombudsmana müraciət üsulları, o cümlədən “916” Çağrı Mərkəzi barədə məlumatlandırlıb, mövzu üzrə suallar cavablandırılıb.

