Valideynlərin ən çox şikayətləndikləri mövzulardan biri də uşaqların boy problemidir. Boy artımı uşaqların normal böyüməsi və inkişafı üçün vacib göstəricilərdəndir. Bəs görəsən, bu problemi necə aradan qaldıra bilərik?
Boy fiziki inkişafın ən önəmli göstəricilərindən biridir. İdeal boya sahib olmaq hər bir şəxsin arzusudur. Lakin cəmiyyətdə alçaqboylu insanlar da az deyil. Həkimlər bildirir ki, bu problem özünü uşaq yaşlarından göstərməyə başlayır.
Boy artımı üçün vitamin və minerallarla zəngin qidalara üstünlük vermək və mütamadi olaraq idmanla məşğul olmaq əsas şərtdir. Bəs görəsən, valideynlər övladlarının boy artımı ilə bağlı hansı məqamlara diqqət edirlər?
Boy artımının ləngiməsinə genetik faktorlarla yanaşı, düzgün qidalanmamaq, fiziki hərəkətsizlik, kəllə-beyin travmaları və xroniki xəstəliklər səbəb olur. Eyni zamanda orqanizmdə somatotrop hormonunun əskikliyi də fiziki inkişafa mane olan amillərdəndir. Həkimlər bildirir ki, boy artımının ləngiməsi 2-5 yaş arası aşkar edilir. Bu səbəbdən valideynlər uşağı mütamadi olaraq müayinədən keçirməli və qidalanmasına xüsusi diqqət yetirməlidir.
Pediatr Günay Rəsulova Bugun.tv-yə açıqlamasnda bildirdi ki, uşaqların düzgün qidalanmaması, normal yuxu rejiminin olmaması onlarda boy artımının ləngiməsinə səbəb olur. Təəssüf ki, bəzi uşaqlar çox gec saatda yatırlar. Halbuki, bu uşaqların boyununun normal olması üçün onun axşam saat 10-dan gec yatmaması lazımdır. Çünki boya təsir göstərən hormonlar gecə 11-in yarısından 3-ə qədər olan saatlarda daha çox sintez edildiyinə görə bu saatda yuxuda olmayan uşaqlar hormonlardan əskik qalır. Düzgün qidalanmayan, vitaminlərlərlə, mikrolementlərlə normal bəslənməyən uşaqlarda boy qisalığı yaranır.
Pediatr bildirir ki, ana südü də boy artımı üçün vacib faktorlardandır. Bununla yanaşı, uşağın gün ərzində ən azı 1 saat açıq havada gəzməsi lazımdır.
Başqa boya təsir göstərən əsas faktor Günəş şüalarıdır. Valideynlər uşaqlarını səhər saat 11-dən 12-yə kimi Günəş şüalarına məruz qoysalar, uşaqlarda D vitamini əskikliyi yaranmaz. Bu da onların normal boy atmasına müsbət təsir edəcək.
Xüsusi ilə də 1 yaşına çatmamış uşaqlar ilk 6 ay həkim nəzarətində saxlanılmalıdır. Bununla yanaşı, uşaqda qalxanabəznər vəz problemi varsa, mütləq şəkildə aradan qaldırılmalıdır. Çünki bu problem təkcə boy ləngiməsinə yox, həm də yaddaşsızlığa səbəb olur. Uşaqların sağlam inkişafı üçün bunları bilmək vacibdir.